Tural Osman

29 Haziran 2012 Cuma

God On Trial (Ölümün Nəfəsi) Film.

Auschwitz əsir düşərgəsi...
Yüz minlərlə yəhudi qaz otaqlarına göndərilir...
Və bu düşərgədə olan yəhudilər Tanrınının bu qədər əzaba niyə icazə verdiyi sualının cavabını axtarırlar.

Kiçik bir məhkəmə qururlar...
Amma çox böyük bir iddia ilə...
"Tanrı yəhudilərlə olan əhdini pozub(mu?)"
Tanrı yəhudilərlə bağladığı müqaviləni pozubmu?
Film boyu bu suallara cavab axtarılır. Və sonda tanrı mühakimə olunur.

 Filmin rejissoru Andy Deemmonydir. 2008 ci il istehsalı olan bu filmdə baş verənləri anlamaq üçün biraz yəhudilərin tanrı anlayışı, din və ənənələrini bilmək, araşdırmaq gərək. Tövratdan az-çox məlumatlı olmaq gərəkdi. İkinci Dünya Müharibəsindəki tarixi şəraiti  də düşünmək gərəklidir...
Filmdə baş verənlər haqqında çox yazmaq istəmirəm. Maraqlananlar izləsə məncə çox şey öyrənmək olar. Ancaq bir şeyi qeyd etmək istərdim ki, istər kitab oxuyarkən, istər film izləyərkən baş verən hadisənin fonunda bəzi şeyləri qaçırırıq. Yanından ötüb keçiririk.
Film boyu tanrıya qarşı ən sərt ittihamlar sürənlər belə sonda hərkəslə birgə ölümün bir addımında inanclarına sarıldılar və dua etdilər...
Fikirlərinin necəliyinə baxmayaraq sonucda hərkəs yəhudi idi. Və bildiyimiz kimi adətən yəhudilərin əksəriyyəti dinlərində avara deyillər.(burda yeni termin işlətdim anlayanlar nə demək istədiyimi anlayacaq məncə)

Bu filmdə dəfələrcə cümlələrə təkrar-təkrar qulaq asırdım. Filmdə təsir edən məqamlardan bir neçəsi;
3 oğlu olan atanın danışığı. (azad iradə)
Hakimin (anası alman olan) qərar verməmişdən öncə yəhudilər və inancları haqqında dedikləri sözlər.
və s.

- Mən yəhudi deyiləm. Atamı heç tanımadım. Bir yəhudi olduğumu da bilmirdim. Mən bir uşaq ikən ölmüş. Anamsa yaxşı bir almandı. Təkrar evinə döndü və qızlıq soyadını aldı. Hər şey unudulmağa üz tutdu. Məkdəbdə çox yaxşı bir uşaq idim. Və yaxşı bir ata oldum. Övladlarım Hitler gəncliyinə qatıldılar. Bir il öncə gestapo mənim üçün gəldi. Soyumu ilk o zaman öyrəndim. adi bir almanam zənn edirdim. Bir almandım. Yəhudilərdən nifrət edən bir alman. Dininizə dair heç bir şey bilməm. Burda öyrəndim. Buraya gəlmədən öncə tövrat kəlməsini heçvaxt duymadım. Və mən tək deyiləm bunu anlamaq məcburiyyətindəsiniz. Yəhudilərin pis, saxtakar və zidd olduğunu öyrənərək böyüdüm. Və buraya gəlişimdə əslində inandığım hər şeyin doğru olduğunu da gördüm. Bu yerdə xaos var.  Pis və düzənsiz burası. Yəhudilərə görə olduğunu zənn edirdim. 
- Pislikdən başqa nə ola bilər ki?! Beş min insan üçün sadəcə bir tualet var.
- Ş..şşşş.. Məsələ də budu. Bunun xəta olduğunumu sandın? Səncə alman mühəndislər birneçə borunu xəta nəticəsindəmi adladı həə?  Xeyir! Bunun yolu yoxdu. Burdakı heçbir şey təsadüfi deyil. Pislik sistemin bir parçasıdır. Eynən hasarlar və projektorlar kimi... Və digər şeylər kimi. Bir məqsədləri var. Məqsədləri insanlığınızı və qürürunuzu yox etmək. Bizim insanlıq və qürurumuzu. sürecin bir parçası bu. Sıradan almanlara bizləri öldürəcək dürtünü təmin etmək üçün. Sıradan almanların düşündükləri kimi olduğunuzu göstərmək məcburiyyətindədilər. Pis, qorxaq və tanrısız. Buraya gəldiyində sahib olduqlarını alırlar. Adını alırlar. saçlarını kəsirlər. uşaqlarını səndən alırlar. arvadını və ananıda. Hətda dişlərini belə. Səni insan edən hər şeyi alırlar. Tanrınızı da almaqlarına icazə verməyin. Nə qədər axmaq və faydasız görünsədə. Bu müqavilə sizin.. tanrı sizin tanrınız. Heç var olmasa belə onu qoruyun. Əlinizdən ala bilməyəcəkləri bir şey olsun bu. Əlimizdən...

 

 





13 Haziran 2012 Çarşamba

Modern İnsanın Faciəsi

Bütün həqiqətin özündə olduğunu iddia edən və onu pornografik şəkildə nümayiş etdirib mütləqləşdirən bir zehniyyət yaratdı modernizm. Bu zehniyyətin yetişdirdiyi modern insan Həqiqətin gözündə çox cılız görsəndi. Modernizmin insanlara gətirdiyi həqiqət ola bilməzdi. Bəs nə gətirdi bizə? -Heç nə... Bu heç nədi insanın ürəyini bulandıran, insanı özündən diksindirən, bezdirən, hər şeyi dəyərsiz və boş göstərən. Müasir dövrün faciəsidi bu. Bəli, artıq postmodern dövrün astanasındayıq. Boşluğun içində dəbələnirik. Bütün sirlər ifşa olunub. İndiana Jones gəldi və bütün sirləri ifşa etdi. İndiana Jones, şərqə çılpaqlıqla öz nifrətini, əsəbini qusdu... Artıq çılpaqlıq bir göstəriş olub.Yaxşı, bəs nə mənası var bu çılpaqlığın? Çılpaqlığın mənasıda bəlkə elə mənanın, batinin özünə olan kinidi? Dünyəvi zövqlər, həzzçilik, sekulyarizm, texnologiyaların bizə gətirdiyi rahatlıq və s. Modern insan dünyəvi illüziyaların əsarətindədi. Bəs bu dünyəviləşmə insana necə təsir edir?

Nitsşe "tanrı öldü" dedi. Və bu modernizmin, müasir qərb paradiqmasının yaranmasının da ilk xəbərçisi oldu. Tanrını öldürüb insanı, insan ağlını mütləqləşdirdilər. Kapitalizmin fonunda insan fövqəlinsana doğru yol aldı. Bu ən birinci özünü düşüncəmizdə və dolayısıyla dilimizdə göstərdi. Nəticədə ədəbiyyatımız, memarlığımız, musiqimiz bir sözlə incəsənətimiz dəyişikliyə məruz qaldı. Alman filosof Heidegger, "Dil, düşüncənin evidir" deyir. Düşünənlər cılız məfhumlarla düşünməyə, danışanlarsa cansız sözlərlə danışmağa başladı. Çünki modern dövr, insanların zahirlə, görünənlə aldandığı dövrdü. Sözün batini, dərin mənası, sözün sehri uçub getdi. İnsanlar bildiklərini sözə soyundu. Keçmişdən gələn ədəbi-tarixi mirasımızı kəsdik və hazır sözə, hazır düşüncəyə meyl etdik. Mistik, dini, ənənəvi dəyərlərə göstərilən ironik münasibət nəyin xəbərçisidi? Bu bəlkə də göstərişin, üzdə olanın, bilinməyənə, gizlinə duyduğu nifrətdi.

Şərq təfəkkürü gizlini, sirri, mistikanı, dolayını sevir. Şərq, əşyanı, dünyanı gözüylə yox qulağıyla dərk edir. Buna görə şərq, şeirin, musiqinin beşiyidi. Qərbsə göstərişi, görməyi sevir. Qərb, əşyanı dolayı yox əyani dərk edir. Buna görədə qərbdə heykəltəraşlıq, rəssamlıq inkişaf edib. Qərb əşyanı çılpaq görmək istəyir. Həqiqəti qamarlamaq istəyir. Şərqsə gözucu baxar, qamarlamaz sadəcə yaxınlaşmağa çalışar. Eynən qərb və şərqin qadına olan münasibəti kimi. Qərb qadını soyundurar, şərqsə örtər. Şərq onu kəşf etmək istəyər qərbsə əldə etmək. Burada islamı qəbul edən məşhur filosof Rene Guenonun sözü yerinə düşür: "... bunu müəyyənləşdirmək lazımdır ki, gözün görməyinin məkanla, qulağın eşitməyinin isə zamanla birbaşa bir əlaqəsi var. Belə ki; Əyani simvolun elementləri eyni zamanda ifadə edilərkən, səsli simvolun elementləri ard-arda ifadə edilir."

İnsan ətraf aləmi yad bir labarotoriya ünsürü kimi görməyə başladığı andan etibarən özünə yadlaşdı. İnsan, ağlının sərhədləriylə çərçivələdi dünyanı, dolayısıyla dünyasını. Halbuki insan hər yerdə özünü tapar. İnsanı xilasa götürəcək həqiqi elm, varlığın, özünün qarşısındakı utancaqlığı, təvazökarlığıdır. Modernizmin dağıdıcılığı, pornografiyası qarşısında insanın öz cövhərində duran təvazökarlıq, dərinlik, mövcudluğunun sirridir.

Üzümüzü səmaya tutub baxarkən gördüyümüz sonsuzluq qarşısında duyduğumuz ürpənti artıq yoxdu. Artıq səmanı, içindəki qutularda yaşadığımız göydələnlər tutub. Artıq təbiətlə əlaqəmizi itirmişik. Hər şeyi məlumat kimi filmlərdən, internetdən öyrənirik. Bu dövrün yaratdığı illüziya aləmi bizə özümüzü unutdurur. Belədə bu modern dövrdə şəhərdə, bu sürətin, məlumat axınının, içində insan özüylə qarşılaşa bilərmi? Özünü necə? harda? tapa bilər? Məncə bütün bu sualların cavabını biz kənarda yox, yenə özümüzdə axtarmalıyıq.

Tural Osman

7 Haziran 2012 Perşembe

Dovşan

   Dovşan qorxub qaçmasaydı, bəlkədə dalınca düşən yırtıcı heyvan da olmazdı.. Amma o vaxt tərs gedən nəsə olacaqdı. Çünki axı bu öncədən belə görülüb , bilinib ki, dovşan qaçmalıdı və dalınca yırtıcı heyvan düşüb, tutub parçalamalıdı... Dovşana nə olub? ayağında heçbir zədə yoxdu. Amma qaçmır durub baxır. Burda tərs gedən nəsə var deyilmi dostlar? Dovşan artıq qaçmadı. Amma sizə bir şey deyim dovşan qaçmalıdı və tutulub parçalanmalıdı. Çünki o dovşandı. Öz təbiətinə əks gedə bilməz. Buna görə də o ölsədə dovşan olaraq öləcək. Onun dovşanlığının şərəfi ordadı.
 ...amma bir gün dovşan qaçmasa sadəcə durub baxsa nə olacaq.? Bax o zaman o dovşan daxilində böyük əzab çəkəcək amma üzü gülümsəyəcək dovşanın iri dişləri parıldayacaq. İçindəsə cəhənnəm atəşi, əzab, vulkan püskürəcək.
 Bəs bu əzab nə əzabdı elə?
 -Ölməli olan ancaq ölməyən dovşanın yasının əzabı .