Tural Osman

14 Kasım 2012 Çarşamba

Dəlilik.

                                            
                                                      “Ağıllılığa doydum, mən artıq dəliliyə aşiqəm”
                                                                             Mövlana C. Rumi.


  Səni Tələsdirən Şey.
  Sən, qorxunun, sürətin, uğultunun, üstünə zillənən nəzərlərin içində, səni tələsdirən şeyin nə olduğunun fərqinə vara bilmirsən. Bu şeyin səni aparacağı son mənzilin nə olduğunun fərqində ola bilmirsən. Yada özünü bilməməzliyə vurursan. Halbuki bu bəlli bir şeydi. Söhbətlərimizdə deyəcəyimiz sözlər kimi bəllidi. Bəlli olmasa o sözləri demərik çünki, bizə qulaq asan olmaz, yenə o uğultu, qorxu, zillənmiş nəzərlər, o qeyri-müəyyənlikdən qaçmaq üçün son çarə...  Yenə səni tələsdirən şeyin səni aparacağı son mənzil... Ölüm.
Gözlərində körpəlikdən səndə təzahür edən qeyri-müəyyənliyin və nəyə uğradığını anlamamışlığın, çaş-baş qalmışlığın mistik parıltısı qeyb olub. Əvəzində bu solğun gözlər sənə sıxıntılı, darıxdırıcı, bəlli həyatdan xəbər verir. Bu sıxıntını, mövcudluğundan doymuşluğu, bezmişliyini unutmaq üçün özünü əyləncələrin, dəbdəbənin içində tapırsan...
   Bu həyat sənə hardan bəllidi? Sənin tələsməyinin səbəbidə bu müəyyənlikdən qaçmaq istəyi deyilmi? Elə bir yerə ki, orda sən gördüyün mənzərənin qarşısında, o qeyri-müəyyənliyin qarşısında çaşasan və hər kəs nəzərlərini sənin üstünə dikib gülsün, sən də, yenidən o qorxulu,sürətli, uğultulu, bəlli həyatın içinə yuvarlanasan. Gülsün, ona görə gülsün ki, o anda səni çaşdıran, əminliyini sarsıdan mənzərənin, üzündə yaratdığı ifadə onların gözündə dəlilik kimi görünmüşdü. Çünki onların gözündəki solğunluq sənin qarşılaşdığın mənzərənin mistik parlaqlığını anlamağa imkan verməz. Sənin surətindəki ani dəyişiklik, o ilahi təcəlli, səni çaşdıran o möcüzə... onların solğunlaşmış gözlərinin gördüyü dəlilikdir. 

   Gözlənilməz Hadisə.
   İnsanları sakitləşdirməkçün bəlkədə doğru ifadə etmədim insan özü-özünü sakitləşdirməkçün istifadə etdiyi sözdü “gözlənilməz hadisə olmayacaq/ola bilməz, narahatçılığa heç bir əsas yoxdu.” Deməli gözlənilməz hadisə insanların bir çoxu üçün narahatçılığa əsasdı. Yaxşı bəs nədi bu gözlədiyimiz "gözlənilməz hadisə"???  Deyəndəki "heç bir gözlənilməz hadisə olmayacaq" biz nə demiş oluruq? və ya bununla demək istədiyimiz şey nədir?
"Gözləmək" GÖZlə bağlı bir şeydi. Müşahidə mənasındadır. Yəni bunun mənasını zamanla əlaqəli olduğunu deyə bilərik amma biz bir dilin içində yaşayırıq. Burda deyilmək istənilən şeydə zaman anlayışı olmaqla bərabər özündə müşahidənidə ehtiva edir. Qısası, yəni müşahidəsi olmayan, müşahidə edə bilməyəcəyimiz heç bir hadisə olmayacaq. Amma bu ümumiyyətlə HADİSƏ olmayacaq mənasına gəlməz deyilmi? Hadisə ola bilər ancaq bizim müşahidə çərçivələrimizdən kənarda ola bilər. Bu hadisə olsada hadisə bizi özünə aid etməz bununlada hadisədən kənar düşmüş olarıq. Və ya hadisə ola bilər amma bu  BİZİM  MÜŞAHİDƏMİZdə (nəzarətimizdə, qavrayışımızda, nizamımızda, öyrəşdiyimiz halda) olacaq.  Məsələni çox dolaşığa salmadan bir misal da çəkək. Biz gündəlik  olaraq
Səhər dururuq - məktəbə/universitetə/işə gedirik - ənənəvi bildiyimiz kimi günümüzü keçiririk - axşam evə gəlirik və yatırıq.
Qəribədir deyilmi? "İnsan vərdişlərinin uşağıdır" deyir İbn Xəldun.
Burda gözlənilməz hadisə varmı?
-Yox.
-Yoxdusa niyə yoxdu?
Çünki öyrəşdiyimiz, GÖZlədiyimiz, müşahidəçisi olduğumuz bir sözlə bu işin içində olduğumuz prosesdi. Bu işin içində olmağımız vacib məqamdı. Çünki özümüz bu işin/prosesin içinə daxil olduğumuz andan o bizim üçün gözlənilməz, qeyri-müəyyən hadisə olmaqdan çıxır. Amma ümumilikdə hadisə olur. Və biz müəyyən, gözlənilən, nizamlı bir sistemin (hadisənin və ya hadisələr toplusunun) üzvünə, parçasına çevrilirik. Burda Şrödingerin Pişiyini də yada salmaq yerinə düşər. Qutunun içinə baxdığımız andan yəni sistemə, mühitə daxil olduğumuz andan etibarən gözlənilən hadisələr sisteminin parçasına çevrilirik. Halbuki qutuya baxmadığımız vaxt bu müəyyənsiz idi və pişik, eyni vaxtda həm ölü həm diriydi.  Burda artıq ehtimal ola bilməz pişik artıq ölüdü/diridi. Bu müəyyəndi. Artıq rahatlıqla deyə bilərik; "Narahatçılığa heç bir əsas yoxdu hər şey qaydasındadı. Bizim nəzarətimizdədi (müşahidə edə bilirik, müəyyəndi, gözlənilməyən heç nə yoxdu)."
Görəsən niyə gözlənilməzlik, müşahidəsizlik, müəyyənsizlik insanı narahat edir, qorxudur insanı... belə şeylərdən insan qaçır. Niyə? Niyə biz hər şey Laplasın Şeytanının öhdəsində olanda özümüzü rahat hiss edirik?
"Hər şey yaxşı olacaq", "Düzələcək", "Düzələn deyil", "Hər şey yolundadı" və s.  axı biz müəyyənsizlik prinsipinə görə hər şeyin necə olacağını deyə bilmərik deyilmi? Hər bir insandan, sistemdən, qurumdan, dövlətdən necə olmalı olduğunu, necə olacağını öyrənirik və öyrəşirik. Sonra öyrəşdiyimiz bu sistemin bir əlavəsinə çevrilirik. Artıq belə rahatdı. Çünki bundan başqası ola bilməz. Bundan başqası ümumiyyətlə düşünülə bilməz. Düşünülsə bu təhlükədi və bizim güvənliyimiz, rahatlığımız üçün maniədir. Və bu maniə tezliklə aradan qaldırılmalıdır. Beləcə biz saat kimi işləyən, əqrəbin 2-dən sonra 3-ə, 3-dən sonra 4-ə... keçdiyini bildiyimiz bir döngünün içinə düşürük. Bu döngü bizə əzab verir ancaq rahatıq. Başqa ehtimalların ola biləcəyinin düşünülməsi mümkün deyil. Yalnız bir ehtimal varki o da artıq ehtimal olmaqdan çıxıb bizim taleyimizə çevrilib.

  Dəlilik.
  Gözlənilməz, mistik bir mənzərənin qarşısında çaş-baş qalıb, dəli kimi görünmək səni dəlixanalıq edər. Çünki modern dövr dəlini dəlixanaya, xəstəni xəstəxanaya, cinayətkarıda həbsxanaya göndərir. Ancaq bununla belə insanı həyata qaytaran, insanı insan edən bir möcüzə baş verməlidisə, istənilən halda bu möcüzəyə şahid olmaq üçün dəliliyimizi sevinclə salamlamalıyıq.

Hiç yorum yok:

Yorum Gönder