24 Temmuz 2014 Perşembe

Eşqində çatışmazlığı olmaq.

   
   I. Seçimindən ötrü cəhənnəmdə yanmaqla cəzalanan, alovlar içində qıvrılıb durarkən, mərhəmətin dərinlik və hüzn qatdığı gözlərin sahibi susmaqla kifayətlənmiş... Dostunun bəxtəvər olduğunu düşünürmüş çünki. O bir seçim etmiş... bir tərəfi tərcih etmiş... bir qərar vermək cürətində olmuş... Bir seçim etdiyi üçün, bir tərəfi tərcih etdiyi üçün, bir qərar verdiyi üçün yanmağa layiq olmuş... Layiq olub zira seçimi səhv, tərcihi isabətsiz, qərarı xətalı imiş...

 Yanmağı alınyazısı halına gətirən isə fərqli düşünməyində imiş; zira seçməsəymiş yanmayacaqmış... Güya yanmağı, seçən məqamına keçdiyi üçün deyilmiş, seçiləndən ötürü isə heç deyilmiş... Kimi və ya nəyi seçdiyinin heç bir qiyməti yoxmuş; hətda seçiminin səhv, tərcihinin isabətsiz, qərarının xətalı olması da elədə önəmli deyilmiş. Alovları bəsləyən birbaşa seçimin, seçiminin özü imiş ona görə... Fikrinə görə seçimindən ötrü cəzalanırmış; cəzanı haqqlı edən başqa deyil, sadəcə seçim imiş... Seçim olmasaymış cəza da olmazmış. Seçim olmasaymış, "seçen"dən də, "seçilən"dən də söz edilə bilməzmiş.

Seçim, öncə seçənin və seçilənin varlığına yol açırmış, sonra da cəzanın... Seçim var olmadan, cəza varlığa gəlməyə yol tapa bilməzmiş...
 Bəs çarə?
 Çarəsi bəsitmiş. Çarə seçməməkdə, seçməkdən qaçınmaqda, seçimsiz yaşamaqda imiş... Qərar almaq başlı başına bir zülmmüş... Qərar almaqla və ya verməklə adam özünə edə biləcəyi haqsızlıqların ən böyüyünü edirmiş... hər şeydən əvvəl belə etməklə öz özünü məhz özü qapatırmış, variantlarını çərçivələyir və variantlarını varianta azaltmaq günahını işləyirmiş.
 Dostundan soruşmaqdan da utanmamış: "Başqalarının görə bilmədiklərini bəhərinə göstərdiyi halda görən hansı göz bilə-bilə gözünü damğalaya bilər ki!"
   II. Seçmək yargıyla (red:mühakimə) əlaqəlidir; yargı isə yarmaqla. Yarmaq da asanlıqla bilindiyi kimi "ikiyə ayırmaq, bölmək" deməkdir... Yaran, yargılayan adam, doğru bir yargı versə də, tam ortadan ədalətli şəkildə ikiyə yarsa da "yargıya aid olan" hər dəfə yarılmış/yargılanmış olaraq qalacağından, yargının özü ayırıcı/bölücü bir fəaliyyət olaraq varlığa gəlmək məcburiyyətindədir.
  Yargıda olmayan nəfsin halına, ərbabı şəkk adını verirlər; yəni "Varmı, yoxmu?" sualının havada buraxmağın ən əsaslı yolu şəkkdir... Sanki "nə var, nə yoxdu!" və ya "həm var, həm yoxdu!" demək kimi... Halbuki ağlın şəkkdən xoşu gəlmir və sahibini qərar verməyə, yargılamağa,  hər vəziyyətdə bir seçim etməyə məcbur edər.
  Bilənlər bilir, ağlın birinci qanunu budur: Bir şey ya vardır, ya yoxdur! 
  Yəni var vardır, yox, yoxdur! Bir şey varsa yox ola bilməz, yoxdursa var ola bilməz! Dolayısıyla o şey, "hem var, həm yoxdu" ola bilməyəcəyi kimi "nə var, nə yoxdu" da ola bilməz!
 O halda?
 O halda bir qərar verməli; ya "vardır" və ya "yoxdur" deməli...
 Çünki, varsa "vardır" demək, yoxdursa "yoxdur" demək doğrudur, yox olduğu halda "vardır" demək, var olduğu halda "yoxdur" demək yanlışdır.
   Bu halda həm var, həm yoxdur və ya nə var, nə yoxdur deyilə bilməz ağlın hökmüncə... Ağıl yarmaq, yargıda olmaq məcburiyyətindədir; şəkkə dözə bilməz. İki tərəfdən birini seçməli, qərar verməli, tərcih etməli; üstəlik doğru və ya səhv, qəti və ya deyil, mütləq bir tərəfdə yer almalıdır!
  Bəs bir tərəfi seçsək o biri tərəfi də rədd etməsək? Yəni "... vardır!" və ya "... yoxdur!" deməklə birlikdə seçimizdən kənarda qalan variantların yanlışlığını iddia etməyib yargımızı "... (var) ola bilər" və ya "... (var) olmaya bilər" surətinə çevirsək?!? Məhz o vaxt ağıl bu addımımızı, istər-istəməz əvvəlkindən üstün tutacaq və yargımıza zənn adını verəcək.
   Halbuki zənn, ağlın qorxusu... qorxaq ağlın cəzası... xəyanətin bir növü... "Yetər ki, bir qərar verib sahilə yanaşım da nə olursa olsun" demək ikiüzlülüyü...
  III. Yanmağı alınyazısı halına gətirən, ağlın qanunlarına uymaqla özünün cəhənnəmin dibində yanmağa layiq olduğuna inandığı üçün yargıda olmağı, qərar verməyi, tərcih etməyi, seçim etməyi lənətləyir və tərəfli olanların cəhənnəmdə, tərəfsiz olanların isə cənnətdə yaşadığına inanır.
   Hərçənd bilmir ki, tərəf olanlar seçim etdikləri, qərar verdikləri üçün cəhənnəmin dibində yanmaqla cəzalanarkən, tərəfsiz qalmağı üstün tutan qorxaqlar, seçim etmədikləri üçün yox, həm seçmə cəsarəti göstərmədikləri üçün, həm də seçimlərindən ötrü cəhənnəmin dibində yanmağı gözə ala bilmədikləri üçün " öz cənnətlərində hüzur və sükun içində yaşamaq"la (!) cəzalanırlar.
   O yenə bilmir ki, ağıl yararkən, yagıda olarkən sadəcə doğru qərar verməyi istəməklə kifayətlənmir; sahibini iki tərəfi də çəkib (red: yoxlayıb) ondan sonra qərara gəlməyə məcbur edir; zira ağıl qərarsızlıqdan nifrət etdiyi kimi, yanlış qərarlardan da nifrət edir.
   Bəs eşq?
   Məhz yanmağı alınyazısı halına gətirənin bilmədiyi də budur! Eşq də eynən ağıl kimi sahibini qərara gəlməyə məcbur edər. Bircə fərqlə ki, o doğruya, yanlışa əhəmiyyət verməz; doğrunu və ya yanlışı seçmiş olmaqdan dolayı yanıb yanmayacağını vecinə almaz; əksinə narına da, nuruna da razı olur. Əsil aşiq, cənnətdə hüzur və sükun içində yaşamaqla cəzalanmaqdansa, cəhənnəmdə cayır cayır yanmaqla cəzalanmağı üstün tutan adamdır. Çünki meyli ağlın deyil, eşqin məcburiyyətiylədir.
   "Ağlın məcburiyyətiylə seçən" ilə "eşqin məcburiyyətiylə seçən" arasındakı fərq, seçiminin bədəlinə əhəmiyyət verməməkdir. Ağlın seçiminin nəticəsi "doğru" və ya "yanlış" olaraq xarakterizə olunarkən, eşqin seçiminin nəticəsi bu xüsusiyyətlərdən münəzzəhdir; yetər ki, eşq olsun; və eşq... aşk-ı hakiki olsun!
   IV. "Ağlında çatışmazlığın var?" deyən dostuma təbəssüm ilə qarşılıq verirəm; zira ağlında çatışmazlığı olanın ödəyəcəyi bədəl yanmaqdır;  eşqində çatışmazlığı olanın ödəyəcəyi bədəl isə yanmamaqdır.
    Söyləyin görək, sizcə hansı daha böyük bir cəzadır?

 Müəllif:  Dücane Cündioğlu