25 Aralık 2014 Perşembe

Buludları Dağıdan; – Vilhelm Reyx.

                                            
    Vilhelm Reyxin "Dinlə, Kiçik Adam" kitabını Başla* kitab olaraq azərbaycan dilinə tərcümə etdikdən sonra fikirləşdim ki, kitabı oxuyan insanlarda bu mətnin arxasında nə durduğu və müəllifin şəxsiyyəti haqqında suallar yarana bilər və buna görə də müəllifi ətraflı anlamaq zərurəti meydana çıxır ki, bu məqalədə də müəyyən dərəcədə bu barədə məlumat verməyə çalışmışam. 
    Bir uşaq ki, anasının müəllimi ilə intim əlaqəsinin şahidi ola və yoldaşının xəyanətindən şübhəli olan Vilhelmin atası uşağının anormal, şübhəli hərəkətlərinə reaksiya olaraq divara qısnayıb ondan nə bildiyini soruşa... uşaq danışa... mübahisələr... ana özünü zəhərləyib öldürə... ata və qardaş da xəstəlikdən ölə... Belə bir uşağın böyüyəndə gərək ki, həyatda fövqaladə bir missiyası olsun, çünki başqa cür ola bilməz.  Bu insan “adi insan” ola bilməz. Uşaqlığından artıq bilinir bu. Ola bilsin bu insan “adi insanı” ifşa edən bir insan olsun. Yaşadıqları artıq bunu onda zərurətə çevirir.

     Reyx – Freydin tələbəsi.

     Əvvəlcə hüquqşunaslıq oxuyan Reyx, daha sonra psixiatriya sahəsində ixtisaslaşır. Reyxin istedadı ona uğurlar gətirir və budur,  Reyx artıq Vyananın Psixoanalitika Cəmiyyətinin üzvü olur. Daha sonra Freydin tələbəsi və assistantı olur. Vilhelmin öz analizi ilə problemi olur və  onu bitirə bilmir. Freyd isə onun analizini davam etdirməkdən imtina edir.
   Reyx kommunist olur və avstriya kommunistlərinin partiyasına üzv olur. Bu, Freydin xoşuna gəlmir. Nəzəri psixoanaliz burjuaziyaya uyğun gəlir. Reyx isə psixoanalizi işçi sinifinə tətbiq edir. Beləliklə Reyx xəstələrdə olan nevrozu cinsi, fiziki, iqtisadi və sosial şərtlərə bağlı olduğunu bildirərək Marksizm ilə psixoanalizi uyğunlaşdırmağa çalışır.
                                                  
 İnsanın yeni psixoloji strukturu.                                                                                                

  Vilhelm Reyx insanın yeni psixoloji  quruluşunu təqdim etdi. İnsan xarakterinin üst qatı xoşməramlı, nəzakətli və dürüst olmaqla  mənəviyyatın ictimai təsəvvürünə uyğun gəlir.  Onun altında  çirkin və xoşagəlməz olan sadist, görməmiş, şəhvətə düşkün impulslar  qatı yatır. Ancaq bununla belə ümumilikdə insan xarakterinin dərinliklərində -“qəlbində” fitri sevgi, mərhəmət, səmimiyət və əməksevərlik yatır. İnsan xarakterinin özündə, mahiyyətində nifrətə yer varsa da bu rasional və izaholunandır.
Reyx insan xarakterinin sağlam və müsbət təməlləri olduğuna əmin olur və çirkin aralıq qatı formalaşdırdığını hesab etdiyi özünü saxlama və ictimailəşdirmənin müasir üsullarını ittiham edir. Freydə görə insan xarakteristikasının dərinlikləri qaranlıq və müxtəlif impulsların qarışığından ibarətdir. Ancaq Reyx, insanın xarakteristikasının dərinliklərini işıqlı görürdü. Reyx insanları sevirdi.
    Reyx insanların əksəriyyətinin əsl cinsi boşalma yəni tam orqazm keçirə bilmədiklərini düşünür.  Buna mane olan daxili orqanların və əzələlərin blokları və sıxılmalarını isə ictimai reallıq və tərbiyə ilə qarşılaşan insanın formalaşmasının nəticəsi olduğunu hesab edir. Deməli, terapiyada obrazlı şəkildə “xarakterin zirehi” adlanan bu blokları yumşaltsaq və dağıtsaq “həyat enerjisinin – canlı şeyin” axımı bərpa olunacaq və insan tamami ilə öz yoldaşına və orqazm təcrübələrinə özünü həsr edə biləcək. Bu xüsusi ilə “kiçik adama” yəni adi, sadə, orta statistik vətəndaşa aiddir. Kiçik Adam isə böyük olmaq istəyir, amma praktikada bu bütün kiçiklər üçün mümkün deyil. Ancaq bir qismi “Kiçik Böyük Adam” ola bilir. Kiçik Adamlar daimi gərginlik altında olduqlarından onlara hakimiyyəti əlinə alan aktiv erkək lazımdır. Əksəriyyət isə liderin altında yatan kollektiv dişidir. Belə itaətkar cinsi rolun kompensasiyası üçün kütlələrə döyüb buraxmaq üçün ümumi düşmən lazımdır.  Bütün bunları Reyx özünün “Faşizmin Kütlə Psixologiyası” kitabında bildirir. Onun bu fikirləri mənə həm də bir az Orvellin “1984” əsərini xatırladır.  Bu əsəri oxuyanlar ordaki cinsi, ictimai, siyasi məsələlərlə Reyxin bu izahının necə uyğun gəldiyinin fərqinə varar. Reyx, cinsiyyət sahəsində apardığı araşdırmalarını ictimai səviyyəyə daşıyır və cinsi inqilabların diqtator rejimlərinin üzərində qələbə ilə nəticələnəcəyini iddia edir. Ancaq onun bu ideoloji fikirləri əksəriyyət tərəfindən hərfi  başa düşülür və təhrif olunur. Onun fikirləri, ya əxlaqsızlıq kimi yozulub özünə qarşı ittiham şəklində yönəlir, ya da əxlaqsızlıq kimi qəbul görüb müəyyən dərəcədə tətbiq olunur. Eynən onun “Dinlə, Kiçik Adam” kitabında Kiçik Adama dediyi bu sözlər kimi; Mənim sevgi ilə qucaqlama dediyim şey, sənin həyatında pornoqrafik macəra halına gəlir.”
                                
                               Kosmik Həyat Enerjisi – Orqon Enerjisi.

   Freyd özünün libido məfhumu barədə bir çox fikirlərindən imtina edərək bunun sadəcə fiziki enerji olduğunu qeyd etdi. Reyx isə Freydin bəzi düşüncələrini inkişaf etdirərək ilkin kosmik enerjini kəşf etdiyini bildirərək buna "orqon" adını verdi. Orqon; mavi rəngli, eyni anda birdən çox yerdə var olan (omnipresence), çılpaq gözlə görünə bilən və səmanın rəngi, cazibə, qalaktikaların təşkil olunma sistemi, hissiyatların və cinsiyyətin biyoloji ifadəsi kimi şeylərin mahiyyəti idi. Tufanlı havalarda səyahət edən gəmilərin dirəklərindən sıçrayan elektrik axımının (Bax: St. Elmo Atəşi) orqonun varlığının sübutu olduğunu irəli sürdü. Qırmızı qan hüceyrələri, bitki xlorofilləri,  protozoalar və xərçəng hüceyrələrinin orqona görə olduğunu iddia etdi.
   İnsanların orqon məlumatını iki hissəyə ayırdı: fiziki və mexaniki yanaşma üçün Efir (ether) ruhi və subyektiv yanaşma üçün isə Tanrı.
   Eyni zamanda Reyx mikroskop altında mikroorqanizmləri tədqiq edirdi. Çox güman ki, Reyxə həyatın səbəbi, canlı maddə ilə cansız maddə arasındakı fərq maraqlı idi. Reyx bionları kəşf etdi. Bu bionlar canlı və cansız maddə arasındakı ara hissəciklər olub, əlverişli mühitdə mikroorqanizmlərə çevrilir.
   Hətta bəzi dərgilər və alimlər tərəfindən Reyxin bu araşdırmaları “metafizikdir” kimi ifadələrlə tənqid olunurdu. Reyx sonrakı araşdırmalarında Ölümcül Orqon adlı bir enerjini kəşf etdi və Cloudbusterlər (Bulud Dağıdan) düzəltdi. Təcrübələrində atmosferdəki orqon enerjisini manipulyasiya edərək yağış yağdıra bildi.
   Reyx bütün bu araşdırmaları apararkən eyni zamanda daima təzyiq altında olub. Belə ki, FTB agentləri onu “kommunist keçmişinə sahib olan bir köçkün” olmağına görə həbs ediblər. Eyni zamanda Reyxi paranoyak , psixi xəstə, fanatik kimi müayinə ediblər. Məhkəmə qərarları əsasında kitabları yandırılıb ixtiraları isə məhv edilib.