Tural Osman

24 Temmuz 2015 Cuma

Babil qülləsi və Afaziya



Biz elə bir mövqeyə, elə bir vəziyyətə gətirilmişik ki, lağa qoyula bilinəcək insanlar olaraq həm özümüz - özümüzü həm də başqaları qarşısında özümüzü tanımışıq. Bu mövqe, vəziyyət nədir? Bu sualın tarixi, ictimai, siyasi, fəlsəfi, psixoloji və başqa yöndən cavabları verilə bilər. Amma  mən buna geniş cavab verməyə çalışaraq səbəblərini desəm bununla bizim bir-birimizi lağa qoya biləcək insanlar olmağımızda nəsə dəyişəcəkmi? Ya da bəlkə heç mən özüm də bunun səbəblərini yəni sualın cavabını bilmirəm? Sualın cavabını bilmək bunun aradan qalxmasına kifayətdirmi?  Bu yazıdakı məramım bu suallara cavab vermək yox, bu məsələyə dil üzərindən gəlmək və bu dərdə dərman ola biləcək şeyin arayışına çıxmaqdır, belə ki, dil özlüyündə tərif kimi ifadə edə biləcəyimiz yunan filsoflarının açıqladığı  təbiət (fizika) hadisəsi və ya ictimai hadisə olaraq tədqiq olunmaqdan əlavə həmçinin mən dilin həm də metafizik mahiyyətindən çıxış edərək dilin qeyblə əlaqəli olduğunu düşünən və müşahidə edən bir insanam, belə ki, şəhadət gətirməyimiz də dil ilədir. Dilin təbii yoxsa şərti olduğunun müzakirəsi gedən və mövzusu adların həqiqəti ilə bağlı olan Platonun "Kratil" dialoqu bu baxımdan antik filosofların dil barədəki fikirlərini ifadə edən əsas əsərlərdən olmaqla yanaşı dialoqda adların mahiyyəti ilə əlaqədar Sokrat, Hermogen və Kratil arasında gedən müzakirədə çıxış nöqtəsi yunan mifologiyası və dialoqda da istinad gətirilən Homer və Hesiod kimi şairlərin dövrün dilini, dünyagörüşünü ifadə edən şeiriyyatı və dövrün elmi dünyagörüşü və politeist metafizikasının çərçivəsi olduğunu da unutmamalıyıq. Dialoqda tanrıların, qəhrəmanların, insanların, suyun, havanın, torpağın, mücərrəd anlayışların və başqa adlar ilə bağlı ifadə olunan fikirlərin kainatda immonentlik mahiyyətindəki bir dünyagörüşünün çərçivəsində olan müzakirəsidir. Belə ki, bütçülüklə də əsaslana bilən immonent politeist və ya panteist metafizikadan fərqli olaraq bizim əsas olaraq istinad edə biləcəyimiz metafizik görüş əsasən dilin mahiyyəti və inkişafı barəsindəki vəhy təməlli tövhidə əsaslanan bir çərçivə olduğunu düşünə bilərik. Bu baxımdan dilin fəlsəfi əsasına və çərçivəsinə diqqət yetirərkən ilk öncə İbrahimi ənənədə bildirilən teologiyadakı ifadəsinə və tarixi təcrübədə şairlər, mütəfəkkirlər, mütəsəvviflər, alimlər tərəfindən çəkilən ümumi çərçivəyə göz gəzdirməliyik.

 Tanrıya çatmaq üçün tikmək istədikləri göyləri dəlib keçən Babil qülləsi barəsindəki hekayədə insanların hamısı bir xalq olub və bir dildə danışıblar. Amma insanların bu hərəkətlərinin nəticəsi tanrı tərəfindən dillərinin qarışdırılması oldu. İnsanlar bir-birini başa düşmədilər və beləcə bu qüllə də yarımçıq qaldı. Tövratda keçən bu hadisə  (Bax: Yaradılış: 11. 1-9) həmçinin bir az fərqli şəkildə Quranda var. Ancaq bu dəfə qülləni firon tikmək istəyir və yenə də tanrıya çatmaq istədiyinə görə. (Bax: Qəsəs surəsi 38. ayə) Bu hekayə bizə nəsə deyir və bizə düşən də deyilənlərdən öyüd-nəsihət götürməkdir.


Nə vaxt ki, dilimizin tarixi davamlılığı, ruhu əlimizdən alındı və dili xaotik, qırıq-qırıq və ya anlaşılmaz bir yığın sözlər olaraq eşitməyə başladıq məhz onda dilimiz qeyblə olan əlaqəsini itirdiyi üzə çıxdı və insanlar nəsə danışmağa başladı, amma danışdıqlarının nə olduğunu nə özləri nə də ki, ünsiyyətdə olduqları şəxs anlamasa da anlayırmış kimi edərək bir-birimizi yəni özümüzü aldatmağa başladıq. Bunun tibbdə fiziki ifadəsi beyində olan travma nəticəsində nitqin pozulması, danışılanı anlamamaq kimi bir hal olaraq afaziya adlandırılır. 

   Şərti olaraq adını tibbdən aldığımız bu halın həmçinin metafizik məhrumiyyətdən doğulan eksistensialist bir absurdun içindəki insanların anlayış, tarixi kimlik, ruhi bir əlaqənin pozulması kimi şeylərlə nəticələnən və hazırda gəlib çıxdığımız bir mövcudluq böhranı olduğunu da deyə bilərik. Biz bu böhranı ancaq dil üzərindən aşkara çıxarıb ifşa edərək düşdüyümüz halı müşahidə edə bilərik. Belə ki, danışarkən ifadə etdiyimiz sözlərin əsil mahiyyətdəki mənası təhrif edilərək “tərcümə” bir söz kimi dillərə düşməsi həmin sözlərin tutuquşu təkrarına çevrilməsi ilə nəticələnir. Yox, əgər ifadə etdiyimiz sözlərin səmimi olduğunu və tutuquşu təkrarından fərqləndiyini iddia edəcəyiksə onda bizim danışarkən boğulub qalmağımız və kəkələməyimiz lazımdır, çünki yaşadığımız bu dünyada səmimi olmaq bizdə bunu zəruri edəcək. Həm də bu məqamda Hz. Musanın dilindəki düyünün açılması üçün Allaha etdiyi duanı da yada salmağa dəyər, belə ki, o da qüllə tikmək niyyətində olan fironun yanına gedirdi. 

   Dilin təhrifinin teoloji cavabını dini kitablarda peyğəmbər göndərilmiş qövmlərin ilahi hikmətdən üz döndərməsi nəticəsində əsası vəhyə dayanan dil birliyini insanların öz nəfslərinə etdikləri zülmün bir nəticəsi olaraq itirməsi və özlərini zəlalətdə tapması kimi də göstərmək olar. Belə ki, bir çox vəhyə dayalı müqəddəs kitabların təhrif olunması məsələsini Babil qülləsi hadisəsindən sonra dilin təhrifi prosesinin davamı kimi də görə bilərik. Əgər birinci halda vahid olan dilin təhrifi və insanların bir-birini anlamaması nəticəsində dillərin qarışdırılmasını görə biliriksə ikinci halda artıq “anlaşılmaz” olan xaotik xalqlardan ibarət bir dünyada peyğəmbərlərin vəhy təməlli bir hikmətinin meydana gətirdiyi nizamı göstərmək olar. Teologiya olaraq dilə olan yanaşmadan əlavə dilin insanın elmi, fəlsəfi təcrübəsinin çərçivəsində bir şəklə, surətə gəldiyini də unutmamalıyıq. Belə ki, biz hər bir məfhumu həmin məfhumun meydana gəldiyi dünya görüşü, elmi, fəlsəfi mühiti nəzərə almadan əbədi bir ölçü kimi görə bilmərik. Yoxsa anoxranizm deyilən yanlışlığa düşərik. Xüsusən modernliklə birlikdə paradiqmanın kökündən dəyişməsi dilin mahiyyətində də qarışıqlığa təkan verdi. Ancaq dilin əsil mahiyyəti olan vəhydən bizə miras qalan ilahi hikməti mərkəzə qoyaraq tarixi davamlılığı və dövrün ən yeni elmi kəşflərini fəlsəfi, sosyoloji, ədəbi, elmi əsərlərlə dilin quruluşuna və mahiyyətinə şəkil verərək inkişaf etdirə biləcək mütəfəkkirlərin, yazıçıların olması və o istiqamətdə ciddi araşdırmaların aparılması dilin metafizik mahiyyətini qoruyub saxlamaqla yanaşı həmçinin fiziki və sosioloji bir hadisə kimi dilin çərçivəsini genişləndirən zəmini yarada bilər. Bununla yanaşı iqtisadi cəhətdən də düşünsək hər şeyi statistik hesablama mövzusu edilən bu zamanda dilin də sözlərdən ibarət bir kəmiyyət məsələsi olması və söz alveri zehniyyətinin hakim olması dilin tərkibindəki sözlərə də bazarlıq predmeti kimi yanaşmanı doğura bilir. Metafizik təməldən məhrum edilmiş və ya yanlış bir təmələ dayandırılmış bir dil ilə biz heç nədə məna tapa bilməyən əvvəli və sonu olan fani dünyadakı bir həyatdan məhrum olaraq cəfəng bir qarışıqlığa, xaosa sürüklənmiş olarıq. 

    Bizim danışdığımız dil və bizdə danışan dil hansı dildir? Əvvəlcə bəzi məfhumları yəni bizim tərkibindən xəbərimiz olmayan məfhumları həyatımıza daxil olmuş görürük. Qədimdən bəri etiqadımızla və dolayısıyla həyat tərzimizlə əlaqəli olan bəzi məfhumlar barədə mənfi fikirlərlə özümüzü tapmış oluruq. Sonra belə alınır ki, biz min illər boyunca yanlış məfhumlarla düşünürükmüş və bu gələn yeni məfhumlarla biz bütöv bir tarixi məhkum edə bilərikmiş, amma bu işi daha irəli götürənlər də var. Məsələn bizim özümüzün-özümüzə natamam görünə bilməyimizə səbəb hansısa ayrı-ayrılıqda götürülmüş yanlış məfhumlar yox, ümumiyyətlə min illiklər boyunca danışdığımız bütöv bir dil olduğunu “kəşf” etmə lüksünə sahib olan bəziləri bu dilin yenisi ilə əvəzləməli olduğumuzu iddia edə biləcək qədər “irəli” getməyi özlərinə mərifət hesab edirlər. Beləliklə biz özümüzü hər tərəfdən əlil, axsaq, natamam bir vəziyyətə salırıq ki, sonra bu vəziyyətimiz min illiklərdən bəri gələn təbii vəziyyətimiz kimi görünə bilsin. Bu belə görünəndən sonra lağa qoyula bilinəcək həmin insanlar qarşımıza çıxır. Bu insanlar məktəbdə, küçədə, işdə, evdə və hətta güzgüdə də qarşımıza çıxa bilər. Bu afaziya yəni ifadə edilən şeyi anlamamanın dilimiz üçün ola biləcək mənası dilimizin tarixin qaranlığında yox olması və bizim də bu qaranlıqda bir-birimizi və ətrafı görə biləcəyimiz işıq zənn etdiyimiz səs-küydən ibarət bir “dilin” qaragüruhu halına gəlməyimizdir.

   Nə vaxtsa vahid bir dünya dilinin hər tərəfdə qəbul olunacağı və bu səbəbdən heç kimin tərcüməçiyə ehtiyacı olmadan bir-birini başa düşə biləcəyi günlərin gələcəyinə inanan belə “saf” amma eyni zamanda siyasi-ideoloji təməlli əsassız utopik fikirlərə məhəl qoymamaqla yanaşı bir dildə danışan insanların da bir-birini anlamadığını qeyd etməyimə yəqin ki, ehtiyac yoxdur. Azərbaycan (türk) dili olaraq son 100-200 il ərzində bir neçə dəfə əlifba dəyişməyimizin və həmçinin dilin davamlılığını və mahiyyətini ifadə etmək baxımından təfərrüatlarına vara bilməyəcəyim bir çox problemin olduğunu məndən də çox yaxşı bilən insanlarımızın mövcud olduğuna inanmaq istəyirəm. Amma düşüncə sahəsində dil üzərində ciddi yazıların yazılmaması, ədəbi, fəlsəfi, teoloji, düşüncə problemi olaraq dilimizin mahiyyətini ifadə edəcək mütəfəkkirləri görməməyimiz faciəlidir. Gördüyümüz isə dilimizin faciəsi üzərində ideoloji səbəblərdən oynanılan ucuz oyunlar və müzakirələrdir. Maarifçilərimiz olaraq adlandırdığımız ziyalılarımızın bir çox mövzuda olduğu kimi dil mövzusunda da zəif qaldıqlarını və yeni şəkillənmiş bu dünyanın dilini anlamadıqlarını sadəcə milli, dini, siyasi, ideoloji və bir çox başqa komplekslərə düşüb bəzilərinin yamsılama bəzilərinin də tənqidçilik xəstəliyinə tutulmuş olduğunu qəbul etməliyik, amma bu, ciddi əsərlər yazmış yazıçılarımızın olmasını görməzdən gəlməyimizə də səbəb olmamalıdır. Maarifçi düşüncənin, modernliklə formalaşmış həyat tərzimizin bizə gətirdiklərini və bizdən götürdüklərini ciddi bir şəkildə təhlil edəcək yazıların olmaması bizim sadəcə olaraq baş verən hadisələrə heç müşahidəçi statusu da qazanmayacaq dərəcədə məruz qalan insanlara çevrildiyimizin dəlilidir. Dilə olan laqeyidliyimizin nəticəsidir ki, sürətlənən bu zamanda müasir praktik yaşantılarımızı və həmçinin metafizik həyatımızın böhranını qarşılayacaq məfhumlarımızın kəşf və icadı üçün bir cəhdin olmamasını görməyəcək vəziyyətə gəlmişik. Əlbəttə bu böhran sadəcə bizim məruz qaldığımız bir böhran olmasa da uçuruma gedən vəziyyəti görən vicdan sahibi bir qrup insan ən azından bu məsələləri müzakirəyə açmalıdır. Belə ki, dilin əsas təməl məsələləri qala-qala dil üzərindən ucuz müzakirələr aparmaq xəyanət dərəcəsinə çatacaq qədər məsuliyyətsizlikdir. Dilimizin mahiyyət olaraq necə meydana gəldiyini və onun formalaşıb indiki vəziyyətinə çatmasını və bundan sonrakı aqibətinin nəyə tərk edildiyini sistemli şəkildə ifadə edəcək bir düşüncə zəminimizi hazırlamalıyıq. 

  Nizami, Füzuli, Yunus Əmrə, Şəms Təbrizi, Qəzali və başqa şəxsiyyətlərin qoyduqları elmi, mədəni mirası və onların da qidalandıqları mənəvi hikmət xəzinəsini bu günümüzə daşıyaraq və eyni zamanda müasir elmi, fəlsəfi, ədəbi prosesi də nəzərə alaraq bu zamanın təməl problemlərini şərh edərək və dilimizin mahiyyətini özünə qaytararaq bu işə başlaya bilərik. Belə ki, islam aləminin filosofları da dilin fəlsəfi yöndən müzakirələrini aparmış və təməlləndirməyə çalışmışdılar. Əl-Bəqərə surəsindəki "Allah Adəmə bütün şeylərin adlarını öyrətdi..." şəklində keçən ayə dilin vəhy yoluyla yoxsa insanlar tərəfindən meydana çıxması kimi bir çox müzakirələrə səbəb olmuşdur. Fəxrəddin Razi kimi bir qism alimlər isə dilin başlanğıcda vəhy ilə meydana çıxdığı sonradan isə insanlar tərəfindən inkişaf etdirildiyi fikrinə gəlmişdir. Fərabi isə dili sağlam təməllərlə əsaslandıraraq mərhələ-mərhələ meydana çıxdığını və insanın idrakının, ehtiyacının artmasına uyğun bir şəkildə formalaşdığını irəli sürmüş və həmçinin məntiq sahəsindəki əsərləriylə də bütün bunları öz metotları ilə ifadə etmişdir.



1. http://modern.az/articles/82038/1/
2. http://525.az/site/?name=xeber&news_id=41208