11 Eylül 2015 Cuma

Bədbəxtlik gətirən bəxşiş



I

Troya atı və Dil.


                                                                    “Məğlub millətlər, qalib və fateh millətlərin                                              örflərini, adətlərini və ənənələrini təqlid edər .”
                                                                                                                                        İbn Xəldun                                                                                                                                                                                        
                                
     “Babil Qülləsi və Afaziya adlı yazıda ələ salınacaq insanlar olaraq özümüzü tanımağımız üzərindən dil mövzusuna fəlsəfi zəmində olan yanaşmamın ümumi çərçivəsini xülasə etməyə çalışaraq və şahidi olduğum gedişatın mənzərəsinin teoloji, fəlsəfi, elmi, tarixi, ədəbi, ictimai və başqa yönlərinə diqqət çəkməyə cəhd edərək dilin mahiyyətinin və hər bir sahədə olan bir çox natamamlığın kökünün haradan qaynaqlandığını  araşdırmaq baxımından ümumi müşahidələrimi yazmışdım. Həmin yazının davamı və  bir çox başqa təfərrüatların ifadə olunması zərurətindən bəzi məsələləri qeyd etmək ehtiyacı hiss etdim. Dil mövzusu fəlsəfi zəmində çox dərin mövzu olmaqla yanaşı tarix boyu bir çox mütəfəkkirlər, alimlər, filosoflar, şairlər buna elə bir yön veriblər ki, burda artıq bütün sözlərin deyildiyi zənninə qapıla bilərik, lakin mənim məsələm sırf yeni bir söz demək 
naminə nəsə yazmaq yox, keçmişdən miras qalan biliyi və hikməti hazırki problemləri göstərə biləcək şəkildə keçilmiş yoldan indiyə gətirə biləcəyimiz məsələni ifadə etməkdir. Həmçinin lisanımız, ədəbiyyatımız, düşüncə həyatımız ilə bağlı üzərində durulmadığını düşündüyüm bəzi ümumi məsələlərlə əlaqədar müşahidələrimi yazmaq niyyətindəyəm.                                                                                                                                        

   Bədbəxtlik gətirən bəxşiş ifadəsini biz Troya atı üçün eşitmişik, hərçənd ilk əvvəl bu atın tanrılar tərəfindən troyalılara bəxş edildiyi, xoşbəxtlik və sülh gətirəcəyi zənn edilsə də tarixdən biz bunun bədbəxtlik gətirdiyini və fəsad çıxardığını bilirik. Əslində tarixdə filosofların biliyin mənbəyi və dilin fəlsəfəsi ilə əlaqəli çox dərin və uzun müzakirələrinin ümumi görüntüsünə baxsaq və həmçinin çox vaxt teologiyada da dilin heç də insan üçün müsbət xarakterdə anılmadığını nəzərə alsaq dilin mahiyyət olaraq insana bəxş olunmasının bəlkə də bədbəxtlik gətirdiyini və fitnə çıxardığını deyə bilərik.  Amma Kantın Tanrının əsəri olması etibariylə təbiətin tarixinin yaxşılıqla başladığı, insanın əsəri olması etibariylə azadlığın tarixinin isə pisliklə başladığı fikri sanki həm Prometeyin göyün odunu oğurlayıb insanı aydınlatmasıyla həm də qadağan olunmuş meyvəylə əlaqəli bir işarə kimi insan biliyinin mənşəyinin oğurluğa dayandığı və onu pislik vasitəsiylə əlçatan edilməsi düşüncəsi müəyyən fəlsəfi nəticələrə gətirib çıxarıb ki, bu məsələnin bəzi filosofları da məşğul etdiyi görünür, halbuki Adəmə Allah tərəfindən əsmae küllehanın* öyrədilməsi sadəcə mövcudluğunun əvvəlindən insanı oğru qismində cəzalandırılmış kimi görməkdən tam başqa bir yanaşmanı və nəticəni ifadə etmiş olur.(1)

   Troya müharibəsi ilə təqribən yaxın zamanda olduğu ehtimal olunan tarixdə Hz. Musanın öz qövmünü Misirdən çıxarması hadisəsnin və kəlimullah* adlandırılan Hz. Musanın Tur dağından geri qayıdarkən qövmünü qızıl buzova sitayiş etdiyini gördükdə əlindəki lövhələri yerə salması, qövmün vəd olunmuş torpağa girməkdən imtina etməsiylə 40 il ərzində dəlalət içində çöldə dolaşması hadisələrini bilirik. Bu misalı təsadüfi çəkmədim, belə ki, Hz. Musa ilə bağlanan əhddəki “Öldürməyəcəksən”, “Oğurluq etməyəcəksən” kimi əmrlərin gətirilməsiylə əslində həm də bir əxlaqi qayda, bir dil, bir ictimayi quruluş gətirilmiş olur, çünki təbiətdə heyvanlar üçün bu kimi əmrlər əhəmiyyət kəsb etməz, digər canlılar arasında qətl, oğurluq, zina kimi anlayışlar əxlaqi yox, kortəbii  impulslarla nizamlanıb, amma insan isə peyğəmbərlər vasitəsiylə əhd bağlamaqla əmanətlə yüklənmişdir və ona öyrədilmiş dəyərlərin daşıyıcısıdır. Bununla da əhdin bağlanması sonrası qızıl buzovun bir troya atı kimi peyda olması və daha sonra da bu qövmün 40 il çöllükdə zəlalət içində dolaşmasına gətirib çıxardı.  Troya atını həm bir kateqoriya olaraq dil kimi həm də ayrı-ayrı xalqların danışdıqları lisanlar mənasındakı dil kimi və həmçinin başqa geniş bir çərçivədə rəmzi mənada işlətdiyimin və bir az provokativ başlıq qoyduğumun fərqindəyəm. Qeyd edim ki, dil və lisan kimi ayırımları Fərabidən əxz etmişəm və bunların izahına həmçinin dil ilə əlaqədər bir çox ümumi məqamlara və təfərrüatlara toxunmağa çalışacam.
 
   Çox sayda Aristotel külliyyatına şərhləri olan əsərləri günümüzə gəlib çatmasa da bir çox başqa özünəməxsus əsərlərini bildiyimiz Fərabi Platon ilə Arsitotelin düşüncələrinin uyğunlaşdırılmasına aid ifadə etdiyi fikirləriylə yanaşı ilahi dinlə fəlsəfənin də uyğunlaşa biləcəyi düşüncəsində olması onun bu mövzudakı qənayətinin hikmətin Mesopotamiyadan Misirə və ordan da Yunana keçməsi və yazılı hala gəlməsi düşüncəsindən irəli gəldiyi hesab olunur ki, burda Fərabinin niyyəti də onu öz yurduna geri qaytarmaqdır.(2) Dini həqiqət ilə fəlsəfi həqiqət üsul olaraq bir-birindən fərqli olsa da mahiyyətində bunların bir olduğunu düşünən Fərabi fəlsəfəni dini bir yolla izah edərkən dini həqiqətlərə də şərhlər gətirdi və beləcə həqiqətin təməldə bir olduğunu fərqliliklərin isə dilin istifadəsindən və şərhlərdən irəli gəldiyini göstərməyə çalışdı. Müəllimi Saninin* elmlərin təsnifatında dil elmini (ilmü’l lisan) birinci yerdə təyin etməsinin səbəbi hər növ elmin və düşüncənin özünü dillə ifadə etməsi zərurətindəndir ki, düşüncə vasitəsiylə  varlıqlardan əldə etdiyimiz biliklərin əsas aləti dildir. Bu təsnifatda ikinci yerdə məntiq elmi və sonra da digər elmlər sıralanır, belə ki, məntiq elmi Fərabiyə görə universal mahiyyəti etibariylə əqli olanları ifadə etməsi səbəbindən insanı xətaya düşməkdən qoruyan qanunları verir.(3). Fərabi hər sahənin özünə aid terminologiyası olduğunu və eyni kəlimələrin fərqli sahələrdə fərqli mənaları ola biləcəyinə işarə edir. Əgər cəmiyyəti təşkil edən insanlar bilik öyrənməyə meyilli deyillərsə və bununla bərabər idarə ediciləri də eyni vəziyyətdə olarsa dil inkişaf etmədən ilk meydana gəldiyi şəkildə qalır. Artıq o cəmiyyətdə elmlərin, sənətlərin və fəlsəfənin varlığı mümkün olmaz.  Lisan və dil (lüğət) terminləri arasında etdiyi ayırım dil fəlsəfəsi üçün yeni bir açıqlamadır. Lisan terminini danışılan dil mənasında istifadə edərkən dil (lüğət) insanda var olan düşüncəni ifadə etmə vasitəsi olaraq danışmaq qabiliyyətinə əsaslanır. Hər cəmiyyətin öz xüsusiyyətlərini daşıyan, öz mədəniyyətləri ilə inkişaf edən lisanları var. Buna görə lisanlar  düşüncələr kimi çoxdur, ancaq ağlın fəaliyyəti nəticəsində ortaya çıxan dil, ağıl kimi bir dənədir.

    Müasir dil fəlsəfəsi anlayışının əsas problemləri  B. Rassel, G.Frege, L. Wittgenstein və başqalarının əsərlərindən formalaşıb. Məntiq sahəsindəki yeni əsərlər fəlsəfəyə və həmçinin dil fəlsəfəsinə də yeni baxış gətirir. Kvant fizikasının və Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin (4) də sosiologiyada, dildə, fəlsəfədə yeni bir baxış gətirməsi ilə yanaşı onu ədəbiyyatda, fəlsəfədə, düşüncə həyatımızda görməyimizin və bu kimi prosesləri yazıçıların, şairlərin, alimlərin, sosioloqların da izləməsinin zəruri olduğunu düşünürəm. Çünki hazırki dünyada düşüncə, siyasi, ictimai, elmi, fəlsəfi prosesləri görməzdən gəlməyin bədəli gələcək üçün mədəniyyətimiz, ədəbiyyatımız, fəlsəfəmiz, siyasətimiz, həyatımız yəni mövcudluğumuzu haqqlı edə biləcək, bizə nəfəs aldıra biləcək hər şeydən məhrum edilməyimiz ola bilər və bizim Troya atının necə içəri daxil olduğundan heç xəbərimiz də olmaz.

II

Şrödingerin Pişiyi və Dil.

Bir insan kilidli olmayan, amma içəriyə açılan bir qapını əks tərəfə itələyir
                                 və özünə tərəf çəkmək ağlına gəlmirsə o insan otaqda məhbusdur.”
Ludwig Witgenstein
   
   Qapalı qutunu açmadan içindəki pişiyin ölü yoxsa diri olduğunu bilmədiyimiz Şrödingerin pişiyi kimi hazırda azərbaycan (türk) lisanının da ölü yoxsa diri olduğunu bilmirik. Bildiyimiz isə lisanımızda tarixi məxəz kimi Kitabi Dədə Qorqud, Divani Lüğəti-t-Türk və başqa bir qism əsərlərdən dilimizi qorumaq üçün istifadəyə çalışmaq, dildə islahatlar etmək xəyalına düşmək və bir çox bizə görünən başqa hadisələrdir. Müşahidəçinin müdaxiləsi olmadan yəni qapalı qutu açılmadan və bizim də iştirakçılığımızın olmadığı oyundan kənar bir vəziyyətdə təhlillər aparmaq yəqin ki, bəlkə də elə dil oyunlarına cəlb olunmaqdır.  
                                                                                                                                                         
  Keçmiş barədə əhkam kəsmək, tarixi, ədəbi, elmi hansısa məsələ barədə tənqidi fikir bildirməyin hələ ki, çox uzağındayam. Amma xətalı ola biləcəyimi də qəbul edib bəzi məfhumlardan irəli gələrək müşahidə etdiyim bir-iki problemi misallar çəkməklə dilləndirmək istəyirəm.

Abır, Həya, İsmət, İffət.
İzdiham, tünlük, qələbəlik.
Söz, qövl, kəlam, kəlimə.
Paxıllıq, həsəd, qısqanclıq və s.

 Bu kimi misallarda yazılan sözlər arasında bir fərq hiss edirikmi? Edə bilirikmi? Dil və lisan sözləri lüğətimizdə olsa da lisan sözü sanki keçmiş şeirlərdə qalan ölü sözə çevrilir və sonra heç bir məna da verə bilmirik. Halbuki Fərabinin misalında da gördük ki, bu sözlər boş yox, fəlsəfi çəki qazanmış sözlərdir və lisan ilə dil sözü arasında sərhəd fəlsəfi əsaslara görə qoyulub. Bəs yuxarıda olan sözlərin mənasını ayırd edə bilirikmi? Digər bir misal ilə yuxarıda qeyd olunmuş bir qism sözlər arasında fərqləri aydınlaşdıraq:

Mənim var; onun olmasın: qısqanclıq.
Mənim yoxumdur; onun da olmasın: həsəd
Onun var; mənim də olsun: qibtə
Mənim var; onun da olsun: kərəm (5)

   Göründüyü kimi bəlkə də həyat tərzimizin dəyişməyi, elmi, mədəni həyatımızın solğunluğu danışdığımız lisanı da bəsitləşməyə doğru aparır. Dilimizdə olan yunan və latın mənşəli sözlərin və xüsusi ilə də fəlsəfi, elmi, siyasi, sosioloji çəkisi olan sözlərin əksəriyyətinin içi boşdur və ən təhlükəli, manipulyasiya edilə bilən məfhumlar da onlardır. Belə ki, yunan fəlsəfəsini, yunan dilini tədris etmədiyimizdən, xristyan teologiyasının dili olan latıncanı yaşamadığımızdan və yunan fəlsəfəsini də tarixdə müsəlman filosofların özünəməxsus dilindən tanış olduğumuzdan, həyatımız islam kəlamının dili olan Quran ərəbcəsi ilə şəkil aldığına görə və həmçinin Ərəstun* düşüncəsinin vücuda gəlmiş qəhrəmanı İsgəndəri yazan Nizaminin əsərləri ilə öz sirrlər xəzinəmizi yaratdığımıza görə mövcudluğumuzun batini, ülvi, ilahi eşqini də tərənnüm edən Leyli və Məcnunu yazan Füzulidən və digər müsəlman, türk düşüncəsinin, ədəbiyyatının, fəlsəfəsinin kontekstində və məfhumlar külliyyatında özümüzü 19-cu əsrə qədər ifadə etdiyimizə görə son 200 illik yağmalanmış sirrlər xəzinəmizi görməzdən gələrək danışacağımız, yazacağımız hər söz, ədəbiyyat, fikir səthi, boş, təqlid və təhrifdir. Biz bunu nəzərə almadan özümüzdən heç nə kəşf edə bilmərik.
 
    Dil mühəndisliyi ilə məşğul olmaq fikrim yoxdur və həddən ziyadə çox təfərrüatları misal çəkəcək qədər də özümü bu işdə səlahiyyətli hiss etmirəm, amma sadəcə ümumi bir mənzərənin yaranması üçün bu istinadlar və misallar düşünürəm ki, kifayət olar. Dilin ölü yoxsa diri olması qutunun açılmasıyla bilinəcək, ancaq kim bilir bəlkə qutu heç açılmadı?

  
Tural Osman.


____________________________

Qeydlər:*
       *. Kəlimullah- Allahla danışan və ya Allahın danışdığı kimsə mənasındadır və əsasən Hz. Musaya (ə) aid edilir.
       *. Müəllimi Sani – Məntiq sahəsindəki əsərlərinə görə ikinci müəllim mənasında Əl Fərabiyə belə ünvan verilmişdir.
Müəllimi Əvvəl ünvanını isə ilk məntiqçi olaraq Aristotel daşıyır.
       *. Əsmae külleha – İsimlərin küllü (hamısı.) Bax: Əl Bəqərə surəsi 31.
       *  Ərəstun – Aristotel.

Mənbələr:
  1. Lütfi Bergen – Bilginin Kaynağı Nedir. (Kant ve Adem: Özgürlüğün Tarihi)
  2. Henry Corbin – İslam Felsefesi Tarihi (cilt 1). 287.
     3.   Farabi - (1990), İhsa'ül-Ulüm (İlimlerin Sayımı)
     4.   Rafiq Əliyev - Yeni sivilizasiyaya doğru və ya qeyri-səlis məntiq və din.
     5.   Dücane Cündioğlu – Ha gayret!. Yeni Şafak.