9 Haziran 2024 Pazar

Yamyamlıqdan Mücahidliyə Gedən Yolda Saleh Bir Camaat Olmaq

 Bir kəs yamyam cəmiyyətində yaşayır və ətrafına "insan yemək pis işdir, olmaz" kimi sözlər deyə bilmir, dili yaxud əməli ilə bu işin qarşısını almırsa, sadəcə fərd kimi özünə görə "yaxşı adamdırsa" bu halda özü hətta vegeteryan da olsa o kəsin hökmü içində yaşadığı yamyamların hökmü ilə eynidir. Yamyamların başına gələcək istənilən bəla, "özünə görə yaxşı" olan həmin şəxsə də aiddir. Bu, müasir dövrdə nasist Almaniyasında kiçik zabit heyətinin "biz sadəcə əmri yerinə yetirirdik" arqumentinə qarşı ortaya qoyulmuş bir məsələdir. Yəni böyük faciələrin məsuliyyətini sadəcə Hitler daşıyır yoxsa iyerarxiya zəncirinin ən yuxarısından ən aşağıda duranına kimi dövrün alman qövmü külliyyən daşıyır? Eyni şəkildə Qəzzadakı fələstinli müsəlmanların faciəsi üçün məsuliyyəti sadəcə Netenyahu və 1-2 hökümət üzvü daşıyır yoxsa bütün İsrail qövmü? Bəlkə biz artıq qövm anlayışını bir ölkəyə yox, bütün müasir dünyaya aid etməliyik, belə ki, sərhəd və ölkə anlayışı artıq nisbiləşir və bu halda məsuliyyət qlobal nizamın üzərinə düşür. Məsələn, Covid 19 kimi xəstəliklər və nəticəsindəki pandemiya nəzarəti kimi müsibətləri ayrı-ayrı ölkələr yox, bütün dünya öz üzərində hiss etdi. Eyni şəkildə indiki kütləvi silahların gücü yaxud iqlim fəlakətləri bir ölkə ilə məhdudlaşmır. Bu məsələ "Milqram təcrübələri" ilə ortaya qoyulmuş və hətta ən məsum insanın da müəyyən çevrədə və müəyyən şərtlər altında zalım bir bədheybətə çevrilə biləcəyi ifadə edilmişdir. Amma bu məsələ nümunələrdə göstərdiyim kimi sadəcə müasir dövrün problemi deyil və kökü qədimlərə dayandığına görə bəşəriyyətin təməl məsələsidir. Bu baxımdan dini mətnlərdə biz fəsadın və onun nəticələrinin izinə düşə bilirik. Belə ki, Quranda və Tövratda yayğınlaşan müxtəlif növ azğınlıqlara görə qövmlərin külliyyən həlak olmasından bəhs edilir.


 Hətta bəzən dini mətnlərdə peyğəmbərlər həlakın qarşısını almaq üçün mələklər və yaxud Tanrı ilə müəyyən bir dialoqa da gedirlər. Belə ki, Quranda, Hud surəsində belə bir ayə keçir:

"İbrahimin qorxusu çəkildikdə və ona (İshaqın doğulacağı haqqında) müjdə gəldikdə Lut qövmü barəsində Bizimlə (mələklərimizlə) mübahisə etməyə başladı. (Əzabın onlardan dəf edilməsini üçün Allaha yalvardı mənasında)." Hud surəsi 74.

Bu dialoqun təfərrüatlarını Quranda tapa bilməsəm də, Tövratda İbrahimin Tanrı ilə dialoqu var. Belə ki, İbrahim Lutun qövmündən heç olmasa 10 nəfər "yaxşı adam" tapmağa çalışır ki, bunu arqument kimi mələklərə-Tanrıya təqdim edə bilsin. Minimum say olan 10 nəfəri də tapa bilmədikdə bəla zərurətə çevrilir və Lut qövmü Lut və ailəsi istisna həlak edilir. Burada iki detala diqqət yetirmək istəyirəm.

1. "Yaxşı adam" anlayışı ilk cümlələrimdə də qeyd etdiyim kimi "özünə görə yaxşı adam", insan əti yeməyən vegeteryan deyil. Yəni insan əti yeyilən yamyam məclislərində oturub ona da yemək təklif ediləndə, "yox, mən vegeteryanam" deyən birisi deyil həmin bu "yaxşı adam". "Yaxşı adam" ümumən orada oturmayan, otursa da yamyamlığın pis bir iş olduğunu oradakıların diqqətinə dili ilə çatdırandır. Gücü çatarsa edilən işin qarşısını öz müdaxiləsi, yəni əməli hərəkəti ilə alandır. Yəni pislikdən çəkindirib, yaxşılığa dəvət edəndir.
2. Burada mən 10 nəfər saya diqqət çəkmək istəyirəm. 10 nəfər deyilərkən burada ayrı-ayrı 10 nəfər yaxşı fərdlər nəzərdə tutulmur. Bir qövmün içində camaat ola bilən 10 nəfərdən söhbət gedir. Yəni müasir dillə desək koordinasiya ilə hərəkət edən 10 nəfərlik təşkilatdan söhbət gedir, hansı ki, Allaha və peyğəmbərlərinə itaət edirlər, pislikdən çəkindirib yaxşılığa dəvət edirlər. Bu halda belə anladım ki, tövratın hökmünə görə minimum camaat miqdarı 10-dur, lakin hökmü nəsx olubsa indiki say və s. örfə yaxud şəriətə görə dəyişə bilər. 40 yaxud 400 də ola bilər. Bu haqqda Qurandan dəlil gətirmək mümkündür.

"Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. " Ali İmran surəsi 104.

Yəni bir cəmiyyət, qövm külliyyən "sütdən çıxmış ağ qaşıq" ola bilməz. İllahdakı hər qövmdə günahlar, cinayətlər var və olacaq. Bəzilərində böyük və çox, digərlərində kiçik və az. Lakin məsələ odur ki, əgər həmin qövmdə xeyrə çağıran həmin bir qrup camaat (10-40-400-4000 nəfər) varsa, onlar camaat kimi hərəkət edir və qövmə istiqamət verəcək real əməllər həyata keçirirlərsə bu halda ən minimum o qövm həlakdan canın qurtarar, ən maksimum isə qurtuluşa çatan mücahid bir qövm olar. Bu bir qrup xeyrə çağıran camaat yoxdursa həmin qövm sürətli bir şəkildə fəlakətə və azğınlığa doğru yuvarlanar və onlar üçün əzab hökmü haqq olar. Çünki "pis əməl, günah, cinayət" kimi təsnifləşdirilən əməllər onlar üçün legitimlik qazanaraq "yaxşı əməl"ə çevrilir. Cinayət olmaqdan çıxır. Narkotik istifadəsinin bir ölkədə cinayət başqa ölkədə isə icazəli olması ilə müqayisə edə bilərsiz.

"Ey iman gətirənlər! Sizdən hər kim öz dinindən dönərsə, Allah (onun əvəzinə) elə bir qövm gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər, onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və qınayanın qınağından qorxmazlar. Bu Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir." Maidə surəsi 54.

Burada "qınayanın qınağından qorxmazlar" hissəsinə xüsusi diqqət yetirək, belə ki, "özünə görə yaxşı adam" qınayanın qınağından qorxar, məhz buna görə başqasına qarışmadan fərdi prinsiplərini yaşayar, lakin cəmiyyətdən ayrı vakuumda bir həyat mümkün deyil. Buna görə də gec-tez cəmiyyət qarşısında təklənən fərd qınaqlar qarşısında tab gətirməyərək pis əməllərə haq qazandırmağa, onu legitimləşdirməyə başlayacaq, əməlin özü (məs. insan əti yemək) pis olmaqdan çıxıb yaxşı əmələ çevriləcək. Çəkdiyim "yamyam nümunəsi" ifrat bir nümunə olduğuna görə əksər insanlar "axı heç kim nə vaxtsa insan öldürüb onun ətini yeməyi yaxşı əməl hesab etməz" deyə düşünə bilər. Buna cavabımız odur ki, əgər dünyada heç olmasa bir ədəd bu əmələ "yaxşı" baxan yamam qəbiləsi varsa deməli bu mümkündür. İkinci cavabımız odur ki, bəli, ola bilsin indiki modern cəmiyyətdə bu mümkün görünmür. Amma biz mümkün olmayan bir çox əməlin mümkünləşdiyinə şahid olmamışıqmı? Bunlar bizə dərs olmaq üçün kifayət etməyibmi? Məsələn elə bir cəmiyyəti misal göstərmək olar ki, 30 il əvvəl LGBTQ pis qarşılanırdı, indi isə nəinki normal qarşılanır, hətta yaxşı bir əməl kimi təbliğ olunur. Deməli əvvəl pis olan bir şey indi yaxşı kimi görünə bilir. Quranda da bu mövzuda ayə mövcuddur:

"Allaha and olsun ki, səndən əvvəl də ümmətlərə elçilər göndərmişdik. Şeytan isə onların əməllərini bəzəyib özlərinə gözəl göstərmişdi. (Şeytan) bu gün də onların dostudur. Onlar üçün üzücü bir əzab vardır."
Nəhl surəsi 63.

Burada biz əxlaq fəlsəfəsinə keçid edirik. Bir şey Tanrı ona pis dediyi üçünmü pisdir, yoxsa pis olduğu üçünmü Tanrı bunu qadağan etmişdir? Öncəki qeydlərimizdən məlum olur ki, bəşər özbaşına buraxıldıqda istənilən əmələ haqq qazandıra bilir. Qeybi müdaxilə olmasa yaxşı və pisin sərhədləri qarışır. İnsanlar bir əməli edəndə zatən onu pis bilib etmirlər, haqq qazandıraraq edirlər. Əgər bir insan inanırsa ki, özünün etdiyi əməl yaxşıdır, sənin isə onu çəkindirməyin "başqasının fərdi həyatına müdaxilədir", belədə təbii ki, qınayanın qınağından qorxan insanlar çoxalacaq. Nəticədə şeytan etdikləri əməlləri insanlara gözəl göstərəcəyinə görə ən kiçik xətadan tutmuş insan əti yeyilən yamyamlığa qədər haqq qazandırılan əməllər "şəxsi həyata müdaxilə" babından toxunulmaz mövzu ola bilər. Nəticədə sən "insan əti yemə" desən bu əti yeyən cəmiyyət tərəfindən ən yaxşı halda qınanılacaqsan. Hər halda Azərbaycan cəmiyyətində müşahidə etdiyim odur ki, bizim insanlar çəkindirmək yaxud xeyir işə dəvət etməkdən ziyadə üslub və səbr problemi yaşayırlar. Sözü doğru üslubda və yerində demək, nəyin yaxşı, nəyin pis olduğunu öz üzərində hiss etmək də vacib məqamdır. Bu halda bəlkə də ifrat iki uc mövqe kimi təqdim etdiyimiz yamyamlıq və mücahidlik bəlkə bizlərə uzaq misal kimi görünə bilər, amma ən azından saleh bir camaat olmağa çalışa bilərik.