I
Troya
atı və Dil.
İbn Xəldun
naminə nəsə yazmaq yox, keçmişdən miras
qalan biliyi və hikməti hazırki problemləri göstərə biləcək şəkildə keçilmiş
yoldan indiyə gətirə biləcəyimiz məsələni ifadə etməkdir. Həmçinin lisanımız,
ədəbiyyatımız, düşüncə həyatımız ilə bağlı üzərində durulmadığını düşündüyüm
bəzi ümumi məsələlərlə əlaqədar müşahidələrimi yazmaq niyyətindəyəm.
Bədbəxtlik gətirən bəxşiş ifadəsini biz
Troya atı üçün eşitmişik, hərçənd ilk əvvəl bu atın tanrılar tərəfindən
troyalılara bəxş edildiyi, xoşbəxtlik və sülh gətirəcəyi zənn edilsə də
tarixdən biz bunun bədbəxtlik gətirdiyini və fəsad çıxardığını bilirik. Əslində
tarixdə filosofların biliyin mənbəyi və dilin fəlsəfəsi ilə əlaqəli çox dərin
və uzun müzakirələrinin ümumi görüntüsünə baxsaq və həmçinin çox vaxt teologiyada
da dilin heç də insan üçün müsbət xarakterdə anılmadığını nəzərə alsaq dilin
mahiyyət olaraq insana bəxş olunmasının bəlkə də bədbəxtlik gətirdiyini və
fitnə çıxardığını deyə bilərik. Amma
Kantın Tanrının əsəri olması etibariylə təbiətin tarixinin yaxşılıqla başladığı,
insanın əsəri olması etibariylə azadlığın tarixinin isə pisliklə başladığı
fikri sanki həm Prometeyin göyün odunu oğurlayıb insanı aydınlatmasıyla həm də qadağan
olunmuş meyvəylə əlaqəli bir işarə kimi insan biliyinin mənşəyinin oğurluğa
dayandığı və onu pislik vasitəsiylə əlçatan edilməsi düşüncəsi müəyyən fəlsəfi
nəticələrə gətirib çıxarıb ki, bu məsələnin bəzi filosofları da məşğul etdiyi
görünür, halbuki Adəmə Allah tərəfindən əsmae küllehanın* öyrədilməsi sadəcə
mövcudluğunun əvvəlindən insanı oğru qismində cəzalandırılmış kimi görməkdən
tam başqa bir yanaşmanı və nəticəni ifadə etmiş olur.(1)
Troya
müharibəsi ilə təqribən yaxın zamanda olduğu ehtimal olunan tarixdə Hz. Musanın
öz qövmünü Misirdən çıxarması hadisəsnin və kəlimullah*
adlandırılan Hz. Musanın Tur dağından geri qayıdarkən qövmünü qızıl buzova sitayiş
etdiyini gördükdə əlindəki lövhələri yerə salması, qövmün vəd olunmuş torpağa
girməkdən imtina etməsiylə 40 il ərzində dəlalət içində çöldə dolaşması
hadisələrini bilirik. Bu misalı təsadüfi çəkmədim, belə ki, Hz. Musa ilə
bağlanan əhddəki “Öldürməyəcəksən”, “Oğurluq etməyəcəksən” kimi əmrlərin gətirilməsiylə
əslində həm də bir əxlaqi qayda, bir dil, bir ictimayi quruluş gətirilmiş olur,
çünki təbiətdə heyvanlar üçün bu kimi əmrlər əhəmiyyət kəsb etməz, digər canlılar
arasında qətl, oğurluq, zina kimi anlayışlar əxlaqi yox, kortəbii impulslarla nizamlanıb, amma insan isə
peyğəmbərlər vasitəsiylə əhd bağlamaqla əmanətlə yüklənmişdir və ona öyrədilmiş
dəyərlərin daşıyıcısıdır. Bununla da əhdin bağlanması sonrası qızıl buzovun bir
troya atı kimi peyda olması və daha sonra da bu qövmün 40 il çöllükdə zəlalət
içində dolaşmasına gətirib çıxardı. Troya
atını həm bir kateqoriya olaraq dil kimi həm də ayrı-ayrı xalqların
danışdıqları lisanlar mənasındakı dil kimi və həmçinin başqa geniş bir çərçivədə
rəmzi mənada işlətdiyimin və bir az provokativ başlıq qoyduğumun fərqindəyəm.
Qeyd edim ki, dil və lisan kimi ayırımları Fərabidən əxz etmişəm və bunların
izahına həmçinin dil ilə əlaqədər bir çox ümumi məqamlara və təfərrüatlara
toxunmağa çalışacam.
Çox sayda Aristotel külliyyatına şərhləri
olan əsərləri günümüzə gəlib çatmasa da bir çox başqa özünəməxsus əsərlərini
bildiyimiz Fərabi Platon ilə Arsitotelin düşüncələrinin uyğunlaşdırılmasına aid
ifadə etdiyi fikirləriylə yanaşı ilahi dinlə fəlsəfənin də uyğunlaşa biləcəyi
düşüncəsində olması onun bu mövzudakı qənayətinin hikmətin Mesopotamiyadan
Misirə və ordan da Yunana keçməsi və yazılı hala gəlməsi düşüncəsindən irəli
gəldiyi hesab olunur ki, burda Fərabinin niyyəti də onu öz yurduna geri
qaytarmaqdır.(2) Dini həqiqət ilə fəlsəfi həqiqət üsul olaraq bir-birindən
fərqli olsa da mahiyyətində bunların bir olduğunu düşünən Fərabi fəlsəfəni dini
bir yolla izah edərkən dini həqiqətlərə də şərhlər gətirdi və beləcə həqiqətin
təməldə bir olduğunu fərqliliklərin isə dilin istifadəsindən və şərhlərdən
irəli gəldiyini göstərməyə çalışdı. Müəllimi Saninin* elmlərin təsnifatında dil
elmini (ilmü’l lisan) birinci yerdə təyin etməsinin səbəbi hər növ elmin və
düşüncənin özünü dillə ifadə etməsi zərurətindəndir ki, düşüncə
vasitəsiylə varlıqlardan əldə etdiyimiz
biliklərin əsas aləti dildir. Bu təsnifatda ikinci yerdə məntiq elmi və sonra
da digər elmlər sıralanır, belə ki, məntiq elmi Fərabiyə görə universal
mahiyyəti etibariylə əqli olanları ifadə etməsi səbəbindən insanı xətaya düşməkdən
qoruyan qanunları verir.(3). Fərabi hər sahənin özünə aid terminologiyası
olduğunu və eyni kəlimələrin fərqli sahələrdə fərqli mənaları ola biləcəyinə
işarə edir. Əgər cəmiyyəti təşkil edən insanlar bilik öyrənməyə meyilli deyillərsə
və bununla bərabər idarə ediciləri də eyni vəziyyətdə olarsa dil inkişaf etmədən
ilk meydana gəldiyi şəkildə qalır. Artıq o cəmiyyətdə elmlərin, sənətlərin və
fəlsəfənin varlığı mümkün olmaz. Lisan və dil (lüğət) terminləri arasında
etdiyi ayırım dil fəlsəfəsi üçün yeni bir açıqlamadır. Lisan terminini
danışılan dil mənasında istifadə edərkən dil (lüğət) insanda var olan düşüncəni
ifadə etmə vasitəsi olaraq danışmaq qabiliyyətinə əsaslanır. Hər cəmiyyətin öz
xüsusiyyətlərini daşıyan, öz mədəniyyətləri ilə inkişaf edən lisanları var.
Buna görə lisanlar düşüncələr kimi
çoxdur, ancaq ağlın fəaliyyəti nəticəsində ortaya çıxan dil, ağıl kimi bir dənədir.
Müasir
dil fəlsəfəsi anlayışının əsas problemləri
B. Rassel, G.Frege, L. Wittgenstein və başqalarının əsərlərindən
formalaşıb. Məntiq sahəsindəki yeni əsərlər fəlsəfəyə və həmçinin dil fəlsəfəsinə
də yeni baxış gətirir. Kvant fizikasının və Lütfi Zadənin qeyri-səlis məntiq
nəzəriyyəsinin (4) də sosiologiyada, dildə, fəlsəfədə yeni bir baxış gətirməsi
ilə yanaşı onu ədəbiyyatda, fəlsəfədə, düşüncə həyatımızda görməyimizin və bu
kimi prosesləri yazıçıların, şairlərin, alimlərin, sosioloqların da izləməsinin
zəruri olduğunu düşünürəm. Çünki hazırki dünyada düşüncə, siyasi, ictimai,
elmi, fəlsəfi prosesləri görməzdən gəlməyin bədəli gələcək üçün mədəniyyətimiz,
ədəbiyyatımız, fəlsəfəmiz, siyasətimiz, həyatımız yəni mövcudluğumuzu haqqlı
edə biləcək, bizə nəfəs aldıra biləcək hər şeydən məhrum edilməyimiz ola bilər
və bizim Troya atının necə içəri daxil olduğundan heç xəbərimiz də olmaz.
II
Şrödingerin
Pişiyi və Dil.
“Bir insan kilidli olmayan,
amma içəriyə açılan bir qapını əks tərəfə itələyir
və özünə tərəf çəkmək ağlına gəlmirsə o insan otaqda məhbusdur.”
Ludwig Witgenstein
Qapalı qutunu açmadan içindəki pişiyin ölü
yoxsa diri olduğunu bilmədiyimiz Şrödingerin pişiyi kimi hazırda azərbaycan
(türk) lisanının da ölü yoxsa diri olduğunu bilmirik. Bildiyimiz isə
lisanımızda tarixi məxəz kimi Kitabi Dədə Qorqud, Divani Lüğəti-t-Türk və başqa
bir qism əsərlərdən dilimizi qorumaq üçün istifadəyə çalışmaq, dildə islahatlar
etmək xəyalına düşmək və bir çox bizə görünən başqa hadisələrdir. Müşahidəçinin
müdaxiləsi olmadan yəni qapalı qutu açılmadan və bizim də iştirakçılığımızın
olmadığı oyundan kənar bir vəziyyətdə təhlillər aparmaq yəqin ki, bəlkə də elə
dil oyunlarına cəlb olunmaqdır.
Keçmiş barədə əhkam kəsmək, tarixi, ədəbi,
elmi hansısa məsələ barədə tənqidi fikir bildirməyin hələ ki, çox uzağındayam.
Amma xətalı ola biləcəyimi də qəbul edib bəzi məfhumlardan irəli gələrək
müşahidə etdiyim bir-iki problemi misallar çəkməklə dilləndirmək istəyirəm.
Abır,
Həya, İsmət, İffət.
İzdiham,
tünlük, qələbəlik.
Söz,
qövl, kəlam, kəlimə.
Paxıllıq,
həsəd, qısqanclıq və s.
Bu kimi misallarda yazılan sözlər arasında bir
fərq hiss edirikmi? Edə bilirikmi? Dil və lisan sözləri lüğətimizdə olsa da
lisan sözü sanki keçmiş şeirlərdə qalan ölü sözə çevrilir və sonra heç bir məna
da verə bilmirik. Halbuki Fərabinin misalında da gördük ki, bu sözlər boş yox,
fəlsəfi çəki qazanmış sözlərdir və lisan ilə dil sözü arasında sərhəd fəlsəfi
əsaslara görə qoyulub. Bəs yuxarıda olan sözlərin mənasını ayırd edə bilirikmi?
Digər bir misal ilə yuxarıda qeyd olunmuş bir qism sözlər arasında fərqləri
aydınlaşdıraq:
Mənim
var; onun olmasın: qısqanclıq.
Mənim yoxumdur; onun da olmasın: həsəd
Onun var; mənim də olsun: qibtə
Mənim var; onun da olsun: kərəm (5)
Mənim yoxumdur; onun da olmasın: həsəd
Onun var; mənim də olsun: qibtə
Mənim var; onun da olsun: kərəm (5)
Göründüyü kimi bəlkə də həyat tərzimizin
dəyişməyi, elmi, mədəni həyatımızın solğunluğu danışdığımız lisanı da
bəsitləşməyə doğru aparır. Dilimizdə olan yunan və latın mənşəli sözlərin və
xüsusi ilə də fəlsəfi, elmi, siyasi, sosioloji çəkisi olan sözlərin əksəriyyətinin
içi boşdur və ən təhlükəli, manipulyasiya edilə bilən məfhumlar da onlardır.
Belə ki, yunan fəlsəfəsini, yunan dilini tədris etmədiyimizdən, xristyan
teologiyasının dili olan latıncanı yaşamadığımızdan və yunan fəlsəfəsini də
tarixdə müsəlman filosofların özünəməxsus dilindən tanış olduğumuzdan,
həyatımız islam kəlamının dili olan Quran ərəbcəsi ilə şəkil aldığına görə və
həmçinin Ərəstun* düşüncəsinin vücuda gəlmiş qəhrəmanı İsgəndəri yazan
Nizaminin əsərləri ilə öz sirrlər xəzinəmizi yaratdığımıza görə mövcudluğumuzun
batini, ülvi, ilahi eşqini də tərənnüm edən Leyli və Məcnunu yazan Füzulidən və
digər müsəlman, türk düşüncəsinin, ədəbiyyatının, fəlsəfəsinin kontekstində və
məfhumlar külliyyatında özümüzü 19-cu əsrə qədər ifadə etdiyimizə görə son 200
illik yağmalanmış sirrlər xəzinəmizi görməzdən gələrək danışacağımız,
yazacağımız hər söz, ədəbiyyat, fikir səthi, boş, təqlid və təhrifdir. Biz bunu
nəzərə almadan özümüzdən heç nə kəşf edə bilmərik.
Dil
mühəndisliyi ilə məşğul olmaq fikrim yoxdur və həddən ziyadə çox təfərrüatları
misal çəkəcək qədər də özümü bu işdə səlahiyyətli hiss etmirəm, amma sadəcə
ümumi bir mənzərənin yaranması üçün bu istinadlar və misallar düşünürəm ki,
kifayət olar. Dilin ölü yoxsa diri olması qutunun açılmasıyla bilinəcək, ancaq
kim bilir bəlkə qutu heç açılmadı?
Tural Osman.
____________________________
Qeydlər:*
*. Kəlimullah- Allahla danışan və ya
Allahın danışdığı kimsə mənasındadır və əsasən Hz. Musaya (ə) aid edilir.
*. Müəllimi Sani – Məntiq sahəsindəki
əsərlərinə görə ikinci müəllim mənasında Əl Fərabiyə belə ünvan verilmişdir.
Müəllimi
Əvvəl ünvanını isə ilk məntiqçi olaraq Aristotel daşıyır.
*. Əsmae külleha – İsimlərin küllü (hamısı.)
Bax: Əl Bəqərə surəsi 31.
* Ərəstun – Aristotel.
Mənbələr:
- Lütfi
Bergen – Bilginin Kaynağı Nedir. (Kant ve Adem: Özgürlüğün Tarihi)
- Henry
Corbin – İslam Felsefesi Tarihi (cilt 1). 287.
3. Farabi
- (1990), İhsa'ül-Ulüm (İlimlerin
Sayımı)
4. Rafiq Əliyev - Yeni sivilizasiyaya doğru və
ya qeyri-səlis məntiq və din.
5. Dücane Cündioğlu – Ha gayret!. Yeni Şafak.
Hiç yorum yok:
Yorum Gönder