21 Eylül 2021 Salı

Olan və Olmalı olan

 "İctimai Müqavilə"nin altından imza atan istisnasız hər kəsin haqqı "təşkilatlanmış elitalar" tərəfindən sui-qəsdlə aldadılaraq birtərəfli şəkildə həmişə pozulub və bundan sonra da pozulması tarixi bir zərurətə çevrilib. Yaşadığımız həyatın reallıqlarına, yəni var olana görə davranaraq mövcud şərtlərə uyğunlaşan və hakim paradiqmaya inteqrasiya etməyə meyilli olan kəslərin hər biri nəticədə aldadılmış vəziyyətdə qal(ıb)acaq. Sadəcə yaşadığımız reallığın təsvirində insanların "Sizif əməyi" çəkərək siyasi mübarizəyə girişməsinin əsl səbəbi onların zehinlərində qurduğu utopik "olmalı olan" bir halın mümkünlüyünə və mövcud halların ən əlverişlisinin məhz bu hal olduğuna özlərini əmin etməkləridir. Mövcud vəziyyətdən narazılığın kökündə duran əsl səbəb hər şeyin olmalı olan kimi olmayıb indiki ən kobud reallığı ilə təzahür etməsindən doğur. Bəzilərimiz bu reallığın kobudluğunu qəbul edib susqun şəkildə həyatı yola verir, yəni bu reallığın çarxına çevrilirik (dolayısı ilə özümüz də kobudlaşırıq); bəzilərimiz "olmalı olan" hansısa "yaxşı" üçün Sizif mübarizəsi aparırıq; digərimiz isə zatən hazırki reallığı ayaqda saxlayan həmin kobud dayağın özüyük. Yaxşı, bəs bu reallığın kobudluğunun və insanların daima onları əhatələyən bu reallıq tərəfindən aldadılmasının səbəbi nədir? Burada çevrədən özünə qarşı olan və ya ola biləcək bir ədalətsizlik, haqqsızlıq hissi mühüm rol oynayır. Çevrə tərəfindən udulmaq baxımından ən plastik və zəif varlıq olan insanın bu pozuntuya təşkilatlanmış bir güc kimi müqavimət göstərəcək bəsirəti, tarixi şansı çox nadirən gətirir. Belə bir şansı qaçıran və ətalət içində itaət edən insan kütlələri təşkilatlanmış elitaların birtərəfli qaydada bu müqaviləni daimi redaktəyə məruz qoymasına və hətta bir müddətdən sonra özünün etdiyi bu redaktəyə yenə özünün sadiq qalmamasına dözməli olur. Yəni istənilən halda belə bir müqavilənin mövcudluğu fikrinin özü fiksiyadır və kobud reallıq, dominant olan hegemon gücün daima təşkilatlanmış şəkildə hadisələri nəzarətdə saxlamaq hərisliyi, bunu bizə göstərir. Yəni, nəticədə, olana görə davrananlar çevrəyə adaptasiya baxımından seçilən yırtıcılar; olmalı olanı tələb edənlər isə daima olanın başında olanlar tərəfindən birtərəfli qaydada aldadılan məzlumlar olmağa məhkumdurlar. Sadəcə özlərinə qarşı hansısa təhlükə hiss etdikləri məqamlarda elitaların hansısa ədalət çərçivəsinə çəkilməyə qismən məcbur edilməsi mümkün olur. Bunun üçün də zəncirlərindən başqa itirməyə heç nəyi olmayan insan kütlələrinin instinktiv Haqq mübarizəsi əqli və güc müstəvisində təşkilatlanmış şəkildə özünü büruzə verməyincə üzərimizdə dolaşan bəlaların ardı arası kəsilməyəcək.

Hiç yorum yok:

Yorum Gönder