22 Eylül 2021 Çarşamba

Filmlərdə Təhrif olunan Milli və Dini Həqiqətlər.

 Mərhum mütəfəkkir Heydər Camal çıxışlarının birində filmlərdə "namaz" səhnəsinin əsasən təhrif edilərək verilməsi faktına binaən dünyada keçərli liturgiyanın hakim nizam üçün necə qorxulu bir şey olduğu barədə bir fikir bildirmişdi. Bu fikri dinlədiyim anda sanki əvvəl də bildiyim, lakin ifadə edə bilmədiyim bir həqiqəti eşitmiş oldum. Lakin mən sadəcə dini məsələdə qlobal film industriyasında yox, yerli tarixi filmlərdə də milli kimliyimizlə bağlı bir çox tarixi həqiqətlərin necə təhrif edildiyi faktını ortaya qoymaq istəyirəm. Belə ki, dünyadakı kinoların istisnasız hər birində (istər bu hansısa "Rembo"nun müsəlman coğrafiyasında "qəhrəmanlıq" etdiyi bayağı bir  Hollywood filmi olsun, istərsə də hansısa keyfiyyətli film fərq etmir) "namaz" bir ibadət şəkli olaraq təhrif edilərək verilir. Ya qiyam, rüku, səcdə, təşəhhüd və salamların yeri qatmaqarışıq verilir, ya sözlərdə nəsə dəyişiklik olur, ya da ki, ibadətin bir qismi edilmir və yaxud yarımçıq edilir. Milli kimliyimizlə bağlı tarixi filmlərdən isə "İşarəni Dənizdən Gözləyin", "Звёзды не гаснут" (Ulduzlar Sönmür) və s. kimi yerli-milli bolşevik və ya müasir dövrə aid filmlərdə namaz ibadəti ilə bağlı, Quranla bağlı və cümhuriyyət dövrünün bayrağı, elitası və s. ilə bağlı simvolikada da belə ciddi təhriflərə yol verilib. Şəxsən mənim üçün bunun qəsd olması şübhəsizdir. Xüsusən 3 rəngli bayrağın rənglərinin qatmaqarışıq verilməsi və yaxud hilal və ulduzun verilməməsi kimi məqamlar xüsusi diqqət çəkir. Rusiya və Osmanlı imperiyalarının 1877-78-ci illər müharibəsi ilə əlaqəli "Герои Шипки" (Şıpka Qəhrəmanları) filmində osmanlı-türk əsgərinin əlində hələ mövcud olmayan Azərbaycan Cümhuriyyəti (1918-1920) bayrağının filmə düşməsi də maraqlı faktdır.


   "Герои Шипки" (Şıpka Qəhrəmanları) filmində bayraq səhnəsi.


"Ulduzlar Sönmür" filmində isə Azərbaycan Cümhuriyyətinin bayrağının göründüyü səhnə də bayrağın təhrifi baxımdan maraqlıdır. Eyni adlı filmdə Nəsib bəy Yusifbəylinin, Hacı Zeynəlabdin Tağıyevin və digər Cümhuriyyət elitasının obrazları ifrat şişirdilmiş və fiziki görünüş baxımından (köklük, arıqlıq, üz quruluşu və s.) aşırı uyğunsuz və təhrif edilmiş, karikaturalaşdırılmış şəkildə verilsə də (məs: Nəsib bəy arıq olduğu halda kök, Hacı qismən kök olduğu halda arıq və s.) bolşevik obrazları ölçülü-biçili və standart, mədəni, təhsilli, fiziki quruluş cəhətdən də normal verilmişdir.

"Ulduzlar Sönmür" filmində təhrif olunmuş bayraq.
 Filmin bir səhnəsində isə məscidə ibadət vaxtı daxil olan adamlar təsvir olunur ki, həmin vaxtı icra olunan namaz ibadəti yarı-yarımçıq, təhrif olunmuş şəkildə verilir. Filmdə diqqətimi çəkən digər məqam isə Nəriman Nərimanovun dilindən Quran haqqında güya Quranda yerin öküzün üstündə durması haqqında həqiqətə uyğun olmayan uydurma fikrin yer almasıdır. Quranda belə fikir olmadığı halda belə bir fikri filmdə vermələri də qəribədir. İnsan obrazlarının karikaturalaşdırılması, simvolikanın təhrifi kimi bənzər məqamlar "İşarəni Dənizdən Gözləyin", "Əli və Nino" kimi digər filmlərdə də görmək mümkündür. Bu nədir? Qəsddir, yoxsa təbii olaraq özünə yad və düşmən ideologiya haqqında təhrif edilmiş təsəvvürlərin mövcud olmasıdır? Bəlkə, bəzi iddialarda deyilən kimi rejissorun sovet "senzuralar dövrü"ndə bizə bayrağımızı təbliğ etmək cəhdidir? Sonuncu fikir mənə əsassız görünür. Çünki rejissor "subliminal mesaj" vermək istəsəydi bunu təhrif etmədən edərdi. Bir şeyi təhrif edərək təbliğ etməkdənsə onu heç göstərməməklə daha böyük yaxşılıq edə bilərsən. Ədalət naminə deyim ki, sadəcə "bolşevik" yox, anqlo-sakson tərz müasir "burjua"  filmlərimizdə də həqiqətə uyğun olmayan məqamlar tapmaq mümkündür. Bir misal verməli olsam 100 illiklə əlaqədar "Son İclas" filmində M.Ə. Rəsulzadə obrazı yüngül desəm həddən ziyadə "yersiz" verilib. Ümumiyyətlə insanın bayağı burjua yoxsa bayağı bolşevik seçimi qarşısında qalması faciəli məqamdır. Bir şeyin təhrif edilərək mübaliğəli şəkildə göstərilməsi və ya reallığın insana bu şəkildə görünməsi zatən insani faktordur. Yəni insan reallığı məhz təhrif edərək həzm edir. "Təhrif" məsələsi dini mətnlərin təhrifinə kimi gedib çıxan, qınanılan və modern insan həyatında, - indi - filmlərə də sirayət edən qəribə bir fenomendir. Filmlərdə təhrif özlüyündə "görüntü oynama"ları hesabına, incəliklə işlənərək baş tutan bir şeydir. Həqiqət özlüyündə dəhşətli dərəcədə şiddətli bir qüvvəyə malikdir. İnsanların həqiqi olandan uzaq tutulması həm də həqiqətlərin təhrif edilərək eybəcər şəkildə verilməsi hesabına baş tutur ki, sadəcə həqiqi olandan uzaq düşən kəslər belə bir qabalığa qadir ola bilərlər. Belə məqamlar isə həqiqətlərə qarşı həssaslığı olan kəslərin gözündən qaçmır.

Hiç yorum yok:

Yorum Gönder