22 Eylül 2021 Çarşamba

Səssizliyin Konspirologiyasını Pozan Qüvvə


 Conspiracy (gizlincə sövdələşmə) yanlış və ya qeyri-qanuni bir şeyi həyata keçirmək üçün insanların öz aralarındakı gizli razılaşması mənasındadır. Bizim dilimizdə konspirologiya və ya sui-qəsd nəzəriyyələri kimi adlandırmalarla tanınır. Konspirologiya özü də fərqli şəkildə təsnifləşdirilir ki, bunlardan sivil, kriminal, siyasi konspirologiya kimi ifadələrə rast gəlirik. Konspirologiya deyərkən məmləkətimizdə əsasən hansısa gizli və böyük qlobal güclər tərəfindən hər şeyin idarə olunması və baş verən / verəcək hər bir hadisənin arxasında mütləq şəkildə bu kimi güclərdən birinin dayandığı anlaşılır. Konspiroloji düşünməyin müəyyən əsaslı tərəfləri olsa da adətən bir çox insanlar asan yol olduğu üçün, yəni bu üsulla bir çox öhdəlik və məsuliyyətini üstündən ata biləcəyi və ya məsuliyyətsizliyinə bu şəkildə bəraət qazana bildiklərinə görə bu yola əl atırlar. Yəni əslində passiv, səssiz, ətalət içində olan kütlələrin, ziyalıların, qurumların düşündüklərinin əksinə konspirologiya sadəcə bizə qarşı hardasa kənarda qlobal şər qüvvələrdən yox, xüsusən həmin bu insanların özündən qaynaqlanır. Belə konspirologiya həqiqətən mövcuddur və bu sui-qəsd səssizliyin konspirologiyasıdır. Səssizliyin konspirologiyası bir şeyin gizli saxlanılması mövzusunda səssizliyə riayət edilməsi barədə ümumi razılığın olmasıdır. İllərdir Azərbaycanda mövcud olan yazıçılar, incəsənət adamları, hüquqşunaslar, müxtəlif ictimai təşkilatlar belə bir konspirologiya ilə bizlərə qarşı səssiz şəkildə sui-qəsd edirlər və inanın ki, mən bunu sui-zənnlə yox, hüsnü-zənnlə ifadə edirəm. Onların bunu etmələri şüurlü və ya şüursuz şəkildə baş verir ki, bununla onlar müəyyən “təhlükə” olaraq damğaladığı və ya çəkindikləri dəyərlərin, fikirlərin, insanların öhdəsindən beləcə ətrafı sükuta qərq edərək səssizliyin konspirologiyası ilə gələcəklərini zənn edirlər. Beləliklə onlar bu növ dəyərlərə, fikirlərə, insanlara, qarşı sanki bir-biri ilə öncədən gizlində pıçıltı (conspiracy) ilə özlərini görməməzliyə vurmağı, ətrafda səssizlik yaratmağı razılaşdırıblar. Bu məsələnin həm də psixoloji tərəfi də var ki, insan komfortunu pozan, ona öhdəliyini göstərən, çılpaq reallığı ifadə edən şeylərə qarşı özünü narahat hiss edir. Bu mövzuya da müəyyən qədər aid edə biləcəyimiz “12 Angry Man” (12 Əsəbi Adam) adlı Sidni Lümetin bir filmi var. Filmdə adam öldürməkdə ittiham olunan bir şəxs barəsində 12 nəfər hakim səsvermə ilə edam olunub-olunmaması qərarını verir. Səsvermə tam səsli baş tutmalıdır, amma 1 əleyhinə səs ortalığı pozur və gedişatdan məlum olur ki, demə yerdə qalan 11 nəfər ya çox tələsib, ya bir insanın ölüb-ölməməsini elə də ciddi məsələ hesab etməyiblər, ya da qərəzləri varmış, halbuki filmin sonunda 12 hakimin hər biri edamın əleyhinə səs verdi, çünki məlum oldu ki, cinayətin bu şəxs tərəfindən törədilməsi ilə bağlı kifayət qədər dəlil yox imiş. Beləcə ortalıqda bir insan həyatı vardı ki, bütün məsələ bir insan həyatına laqeyd yanaşılıb-yanaşılmaması idi. Bir nəfər 11 hakimin təqsirləndirilən şəxsə qarşı səssiz sui-qəsdini “nəyə inanıb-inanmadığımı özüm də bilmirəm, sadəcə müzakirə etmək istəyirəm” ifadəsindəki fikriylə pozmasaydı məsum insan edam edilmişdi. İndi isə məsələ bir nəfərdən yox hər birimizdən gedir və bu konspirologiya qurucuları kənardan yox (ki, kənarda da olsa belə bunun bizim özümüzə aid məsələdə elə bir əhəmiyyəti yoxdur) bizim özümüzün biganəliyimiz, səssizliyimizdən ortaya çıxır. Bizim sui-qəsd iştirakçılarımız ola bilsin ki, bir qismi yaşlı və məqam-mövqe sahibi olduqlarından öz nüfuzlarını itirməkdən, bir qismi başqa cür yaşamağı bilməməzlikdən, adətdən, digəri qərəzdən və s. səbəblərdən  belə bir məhkumiyyətin səssizliyi içində bizləri də məhkum etməyə qol qoyublar. Amma əgər həqiqətən də belə bir konspirologiya varsa bu çox yaxşı xəbərdir. Bu həm də onu göstərir ki, nə qədər təəccüblü olsa da hələ də əməli iş görən, dürüst, ədalətli, kənar heç bir qayğı gözləmədən fədakarlıq edən insanlar var və onlar konkret iş görürlər. Belə bir səssizliyin olması onu göstərir ki, bu insanlar hardasa kənarda, köşədə yox, məhz məsələnin düz mərkəzində dayanıblar və bu səssiz sui-qəsd iştirakçılarının əleyhinə öz əməlləri ilə, işləri ilə şahidlik edirlər. Sui-qəsd iştirakçıları bəzən dözməyib özləri də öz səssizliklərini pozurlar, amma sui-zənnlə... Səssizliyi pozmaqlarındakı məqsəd isə istənilən hərəkətliliyə, dürüstlüyə, görülən əməli işə “etdiklərinizin heç bir mənası yoxdur”, “boş işlərlə məşğul olursuz”, “vaxt öldürürsüz” demək üçündür. Bu insanlar yenə kütlədən olsaydılar necəsə başa düşmək olardı, amma içlərindən elələri çıxır ki, ziyalı, ağsaqqal statuslu adamlardır, cəmiyyətdə müəyyən çəkiləri var. Beləliklə məsələnin başqa bir müsbət tərəfi də odur ki, bu qədər səs-küyün içində elə mövzular, insanlar çıxa bilir ki, ətrafdakı küyü, çal-çağırı bir anlıq da olsa yararaq sükuta qərq edə bilir. Yəni sui-qəsdi onun iştirakçılarının öz əleyhlərinə çevirə bilir. Gizlədilməsi, üstünün örtülməsi üçün ümumi razılıq əldə edilən mövzu isə çox uzaqlarda deyil. Bu sirr bizim gündəlik həyatımızın içində, davranışlarımızda, münasibətimizdə, ünsiyyətimizdə olan bir şeydir. Bu bizi biz edən şeylərdir. Deməli biz ilk əvvəl bizi biz edən şeylərin nə olduğunu və ya həqiqətən belə şeylərin olub-olmamasını anlamağa çalışmalıyıq. Lakin əksəriyyətin etdiyi şey isə bir-birilərini nələrdəsə mühakimə etməkdir, halbuki günlük həyatımızdakı bütün əməllərimizin bizə aid olmasının zəmanətini verə bilmirik. Yaşadığımız həyatı, gördüyümüz işləri heç nəyin fərqinə varmadan kortəbii şəkildə yamsılayaraq edirik. Bu baxımdan məsələnin mahiyyəti ilə bağlı həyatını dürüst, səmimi yaşamağa çalışan və əməli iş görən insanlara qarşı ətrafda yaranmış belə ağır ətalətin səbəbini çox uzaqlarda axtarmağa ehtiyac yoxdur.


Hiç yorum yok:

Yorum Gönder