18 Ekim 2025 Cumartesi

Tövratda və İncildə Muhammədin (s.a.v) və onun səhabələrinin müjdə verilməsi (Xristyan, Yəhudi və Şiəliyə rəddiyyə)

"Muhamməd Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar da kafirlərə qarşı sərt, bir-birilərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. bu onların Tövratdakı vəsvidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (mömünlərin sayını belə artırır ki) bununla kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə məğrifət və böyük bir mükafat vəd etmişdir."  Əl Fəth surəsi 29. 

    Bu yazımızda biz Allahın izni ilə, 3 məsələni isbat edəcəyik. Birinci, Tövratda və İncildə Muhammədin (s.a.v) növbəti peyğəmbər olaraq gələcəyinin müjdəsinin mövcud olduğu və adı ilə müjdələndiyi isbat ediləcək. Bununla biz, Xristyan və Yəhudilərə rəddiyyə vermiş olacağıq. İkinci, biz peyğəmbərdən savayı həmçinin Muhammədin (s.a.v) səhabələrinin də İncildəki müjdəyə uyğun olaraq müsbət obraz kimi müjdələndiyini və əslində İncilə görə son peyğəmbəri onun səhabələrinə görə həqiqi peyğəmbər kimi tanına biləcəyi isbatını verəcəyik. Bununla da biz, İrandakı hakim şiəlik anlayışına rəddiyyə vermiş olacağıq. Çünki bu şiəlik anlayışa görə "əhli beyt"dəki bir qism insanlardan savayı peyğəmbərin səhabələrinin əksəriyyəti küfrə düşüb, yaxud xainlik ediblər. Hz. Əlinin haqqını qəsb ediblər və s. Bu isə Qurana əsasən nəzər yetirəcəyimiz İncildəki müjdəyə ziddir. Üçüncü, biz,  Muhamməddən (s.a.v) sonra artıq peyğəmbərliyin kəsildiyini, daha peyğəmbərliyin müjdələnmədiyini, əksinə Quranda daha çox Qiyamət günü və Axirət həyatından bəhs edildiyini isbat etmiş olacağıq. Bu 3 isbatla biz, Muhammədin son haqq peyğəmbər olduğunu və onun camaatının, yəni  səhabələrinin təriflənməsi ilə onların sünnəyə sadiqliyini göstərmiş olacağıq. Həm islamın haqq olmasının əvvəlki kitablarla müjdəsi, həm də əhli sünnə və camaatın orta yolu təmsil etdiyi göstəriləcək. Yəni xristyanlığa, yəhudiliyə və şiəliyə bir rəddiyyə olacaq.

    Bütün bunları etmək üçün ilk öncə biz İncildə və Tövratda son peyğəmbərin və səhabələrinin vəsfinin harada müjdələndiyini bilməliyik. Qurani Kərimin yuxarıda qeyd edilən Əl Fəth surəsinin 29-cu ayəsində biz Tövratda və İncildə səhabələrin müjdələnməsini görürük. Həmçinin Quranın Saff surəsi altıncı ayəsində isə İncildə Əhməd adlı peyğəmbərin müjdələndiyi qeyd edilir. 

"Bir zaman Məryəm oğlu İsa demişdi:"Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (naziledilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə sizi müjdələyən bir elçiyəm. Lakin o, açıq-aşkar dəlillər gətirdikdə dedilər: "Bu aşkar bir sehrdir"" Saff surəsi 6-cı ayə.

İndi isə bu ayələrə müvafiq olaraq biz, Muhammədin və onun səhabələrinin Quranda qeyd edilən vəsflərinin Tövratdakı və İncildəki yerlərini tapıb göstərməliyik. İlk öncə  Tövratda və  İncildə gələcək növbəti haqq peyğəmbərin müjdələnməsini və Muhammədin (Əhmədin) adının harada keçdiyini Tövrat və İncilin maddələrinə əsasən isbat edək.

1. Saxta ruh - saxta peyğəmbər, həqiqət ruhu - həqiqi peyğəmbər.

"Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb. Allahın ruhunu bundan tanıya bilərsiniz; İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır. İsanı iqrar etməyən hər ruh isə Allahdan deyil."  Yəhya 4:1-3

Bu Yəhya 4:1-3 maddəsində "hər ruha inanmayın" deyir, sonra onların "ruhların Allahdan olub-olmadığını bilmək üçün sınaqdan keçirin" deyir. Bura qədər biz bilmirik ki, "ruh" deyərkən qəsd edilən şey nədir. Daha sonra "Çünki" bağlayıcısı ilə "dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb" deyilir. Buradan biz bilmiş oluruq ki, "ruh" deyərkən "peyğəmbər" qəsd olunur. Belə ki, hər ruha inanmayın, sınayın dedikdən sonra "Allahın ruhunu bundan tanıya bilərsiz" deyir. Bu maddəyə əsasən Allahdan olan ruh şeytandan olan ruh olduğunu düşünə bilərik. İncildəki İsa şagirdlərinə ruhları sınaqdan keçirməyi və Allahdan olan həqiqi ruhu (peyğəmbəri) tapmağı tövsiyə edir və bunu onunla əsaslandırır ki, çoxlu yalançı peyğəmbər meydana çıxa bilər. Ümumən İncili diqqətlə oxusaq oradaki İsa daima şagirdlərini saxta ruhdan, saxta peyğəmbərlərdən çəkindirir. Onlara aldanmamağı tövsiyə etdiyini görərik. Bunun müqabilində isə o, həqiqət ruhunu müjdələyir və özünün getməsindən sonra həqiqət ruhunun gələcəyini iddia edir. Saxta ruhun saxta peyğəmbər olduğunu gördükdən sonra bu məntiqlə həqiqət ruhunun da həqiqi peyğəmbər olduğunu deyə bilərik. Belə ki, Allahdan olan ruh, yəni Allahdan olan peyğəmbərdir. Ümumən İncildəki İsanın daima saxta peyğəmbərdən çəkindirib həqiqi olana yönəldməsi və bu həqiqi ruhu tanımağın yollarını Əl Fəth-29-da da qeyd edildiyi kimi əkin misalı ilə verməsi diqqətəlayiqdir.

Saxta peyğəmbərlərdən ehtiyat edin! Onlar sizin yanınıza qoyun donunda gəlirlər, amma içəridə yırtıcı canavarlardır. Onları bəhrələrinə görə tanıyacaqsınız. Tikan kolundan üzüm, ya da yovşandan əncir dərirlərmi? Yaxşı ağac yaxşı bəhrə verir, pis ağac isə pis bəhrə verir. Yaxşı meyvə verməyən hər ağac kəsilib atəşə atılır. Beləcə saxta peyğəmbərləri meyvələrindən tanıyacaqsınız."  Matta 7:15-20

Yazımızın başında qeyd etdiyimiz Quranın Əl Fəth surəsindəki məlum ayədə də əkin misalı qeyd edilir. Belə ki, Qurandakı həmin ayədə Muhammədin (s.a.v) səhabələrinin İncildəki vəsvi "əkinçilərin xoşuna gələn bir əkin kimidirlər." kimi qeyd edilib. Burada Matta 7: 15-20 -də də saxta peyğəmbərlərdən çəkindirmək babından İsa öz həvarilərinə xəbərdarlıq edir. "Onları bəhrələrinə görə tanıyacaqsınız" deyir. Belə ki, "Yaxşı ağac yaxşı bəhrə verir, pis ağac isə pis bəhrə verir." Bəli, biz saxta peyğəmbəri onun ardıcıllarının tikanlı, pis bəhrə verməsindən, əxlaqən və mənəvi cəhətdən pis insanlar olmasından, həqiqi peyğəmbəri isə onun ardıcıllarının əxlaqən və mənəviyyatca xeyirxah, cəsur, əxlaqlı olmasından tanıyacağıq. Bunu bizə Quran və İncil deyir. Lakin İrandakı şiəlik anlayışı isə Muhamməd özü və ətrafındakı 3-5 nəfər istisna olmaqla böyük səhabələri lənətləyir və əksər səhabələr haqqda pis zənndə olmaqla özləri də bilmədən Muhammədin əkininin pis bəhrə verdiyini, pis ağac çıxdığını iddia etmiş olurlar. (Kafi, Kitab al-İman wal Kufr) Bu isə indiki xristyanlığın dəyirmanına su tökmək mənasına gəlir. Belə ki, Qurandakı Fəth surəsiMatta İncilinə görə İsanın ardıcılları, yəni İsəvi müsəlmanlar sonrakı haqq peyğəmbəri onların yaxşı bəhrəsindən tanıyıb iman gətirməlidirlər. Yəni İrandakı hakim şiəlik anlayışının Muhammədin ətrafındakıların pis bəhrə verdiyini müxtəlif şəkildə ifadə etməkləri sonuncu peyğəmbərin həqiqiliyinə kölgə düşürmək və xristyanların iman gətirməsinin qarşısını almaqları kimi yozula bilər. 

    2. Paraklit (Periklutos) - təsəlliverici, şəfaətçi, vəkil, yoxsa... Əhməd?

      Bu və sadalamadığım bir çox İncil maddələrinə əsasən İsanın (ə) özündən sonra peyğəmbər müjdələdiyini görmək mümkündür. İndi isə Muhamməd (s.a.v) peyğəmbərin  daha aşkar və hətta adı ilə (Muhamməd yaxud Əhməd) müjdələndiyi İncil maddələrini gətirməyə çalışacağam. Bəli, bu biraz çətin olacaq, çünki biz İncilin təhrifata uğradığını düşünürük və zaman aşımı, əlavə və əksiltmələr, fərqli təfsir və tərcümələr bəzi şeyləri üzə çıxarmağa çətinlik yarada bilər. Lakin biz yenə də bunu imkan daxilində etməyə çalışacağıq. Amma ilk öncə qeyd edək ki, ərəb dilində Muhamməd (Əhməd) sözünün mənası çox təriflənən, tərifə daha çox layiq olandır.

"Məni sevirsinizsə, əmrlərimə də əməl edəcəksiniz. Mən Atamdan xahiş edəcəyəm və O, sizə başqa bir təsəlliverici (yunanca: paraklit) verəcək. O əbədiyyən sizinlə olacaq. Bu təsəlliverici həqiqət ruhudur. Dünya bu ruhu ala bilməz, çünki onu görmür və tanımır. Siz isə onu tanıyırsınız, çünki o, sizinlədir və sizdədir. Sizi yetim qoymayacağam, mütləq yanınıza gələcəyəm.Yəhya 14:15-18 

    Yəhya incilindəki bu maddədə yunanca mətndə keçən paraklit kəliməsini bəzən təsəlliverici, bəzən vəsadətçi, vəkil, köməkçi, şəfaətçi kimi də tərcümə edirlər. Bu bir çox mənalar çıxa biləcək sözdür. İsa peyğəmbərin doğma dil olaraq arami (suryani) dilində danışdığı qeyd edilir. Lakin incillərin əlimizdəki qədim variantları əsasən yunancadır. Yəni aydın məsələdir ki, ən qədimə gedib çıxsaq da biz incillərin tərcümə edilmiş variantına çıxacağıq. Tərcümə prosesində isə deformasiyalar təbiidir. Buradakı paraklit kəliməsi haqqında Saff surəsi 6--cı ayəni təfsir edən qədim müsəlman alimləri öz əsərlərində qeyd etmişlər. Belə ki, İbn İshaq, Qurtubi, İbn Teymiyyə kimi bir çox şəxslər öz təfsirlərində qeyd edirlər ki, paraklitos yunan dilində köməkçi, təsəlliverici mənasındadır, lakin periklitos isə təriflənmiş mənasındadır. Bu iki söz arasında hərf deformasiyası fonetik, dialektik yaxınlıqlar səbəbi ilə baş verə bilər. Tərcümə prosesində bu növ şeylər təbiidir. İsanın aramicəsindən yunancaya tərcüməsində orijinal söz bərəqlita/periklyta kimi dialektik deformasiya ola bilir. Bu sözü periklutos olaraq oxusaq təriflənmiş, yəni ərəbcə Əhməd alınır.  Belə ki, ƏhmədMəhəmməd sözləri eyni kökdən gələn ifadələrdir və tərifə layiq olan deməkdir. (Qurtubi, Al Jami li Ahkam al-Quran // İbn Teymiyya "Al - Jawab al-Sahih li man buddala din al-Masih")

İndi isə həqiqət ruhu (həqiqi peyğəmbər) - saxta ruh (saxta peyğəmbər) haqqındaki və periklutos (təriflənmiş/Əhməd) haqqındakı İncildəki maddələrə və yuxarıdakı izahlarıma əsasən yuxarıda qeyd edilən (Yəhya 14: 15-18) İncildəki "Bu təsəlliverici həqiqət ruhudur." ifadəsindəki sözləri yerinə qoyaraq yenidən yazaq. "Bu Əhməd (periklitos) həqiqi peyğəmbərdir (ruhudur)" cümləsi alınır. 

 "İndi məni göndərənin yanına gedirəm, amma biriniz də soruşmursunuz ki, hara gedirsən? Bunları dediyimə görə qəm dəryasına batmısınız. Mən sizə həqiqəti söyləyirəm, getməyim sizin xeyrinizədir. Çünki mən çıxıb getməsəm, təsəlliverici (periklutos) yanınıza gəlməyəcək. Ancaq getsəm, onu yanınıza göndərəcəm. O gələndə dünyaya günah, salehlikhökm haqqında inandırıcı dəlillər gətirəcək. İlk növbədə günah haqqında, çünki onlar mənə iman etmirlər; sonra salehlik haqqında, çünki mən Atanın yanına gedirəm və siz artıq məni görməyəcəksiniz; və nəhayət, hökm haqqında, çünki bu dünyanın hökmdarı artıq məhkum edilib."  Yəhya 16: 5-11

Göründüyü kimi təsəlliverici olaraq keçən bu söz Yəhya incilində bir neçə məqamda keçir və bunu xristyanlıq, yəni kilsə teslis inancındakı (ata, oğul və müqəddəs ruh) müqəddəs ruha yozurlar. təsəllivericinin həqiqət ruhu olduğunun təsbiti onu göstərir ki, bu müqəddəs ruh ola bilməz. Çünki İncildəki fərqli passajlarda keçən bu ifadələri cəm etsək nəticədə burada konkret gəlməli olan insandan bəhs edildiyi ortaya çıxır. İndi isə Quranın Nəcm surəsindəki ayələr ilə İncildəki maddəni müqayisə edək:

Quran:

"O, (Muhamməd) öz arzusu ilə danışmaz. Onun danışması ancaq bildirilən bir vəhy ilədir" Nəcm surəsi 3-4

 İncil:

Lakin O, Həqiqət Ruhu gələndə sizi bütün həqiqətə yönəldəcək. O, özündən danışmayacaq, ancaq eşitdiklərini söyləyəcək və gələcək şeyləri sizə bildirəcək. Yəhya 16:13

Əvvəlki qayda ilə həqiqət ruhunu həqiqi peyğəmbərlə əvəzləyərək müqayisə edə bilərsiz.

    3. Tövratda İsmayil nəsildən gələcək olana müjdə: Muhammad

"Dəstək olduğum, könlümün xoş olduğu seçdiyim qulum!
Ruhumu onun üstünə qoydum, o, haqqı xalqlara çatdıracaq." İşaya 42:1

"Səhrada və onun şəhərlərində, Kedarda yaşayanlar. Səsini ucaltsın. Selada oturanlar sevinclə qışqırsın. Dağların zirvələrindən bağırsın. Hamısı Rəbbi ucaltsın!" İşaya 41:11-12

 




Bibliyanın King James lüğətində Kedar ərazisinin indiki Ərəbistan bölgəsində olduğu qeyd edilir. Tövratın aramicə tərcümələrində Kedar bölgəsi birbaşa Ərəbistan kimi tərcümə olunur. Burada "Sela" kəliməsi isə indiki Mədinə şəhərinin yaxınlığındakı dağa işarə edildiyi qeyd edilir. Bəziləri isə Selanın Petrada olduğunu iddia edir. Ümumiyyətlə peyğəmbərimiz Mədinəyə hicrət edəndə orada yəhudi qəbilələri yaşayırdı və belə bir iddia da var ki, bu yəhudi qəbilələr oraya gələcək olan peyğəmbər müjdəsini bildikləri üçün əvvəlcədən gəlib yerləşmişdilər. Belə ki, Kedar həmçinin İsmayılın oğullarından birinin adıdır və məlumdur ki, Muhamməd (s.a.v) İsmayıl oğullarındandır. 
Mədinədəki Sela dağı


İndi isə Tövratda, xristyanların Əhdi Ətiq olaraq qəbul etdiyi külliyatda, yəhudilərin Tanax kitabında "Muhamməd" adının ad olaraq keçdiyi maddəni olduğu kimi verəcəyəm. Tanaxda Şir-ha Şirim (Mahnılar mahnısı, yaxud Süleymanın mahnısı 5-16) da keçən bu cümləni nəzərdən keçirək. 

"Onun dodaqları şirinlikdir, və o, tamamilə arzuolunandır. Budur mənim sevimlim, budur mənim dostum, ey Yerusəlim qızları"  Süleymanın mahnısı 5:16

Orijinal ivrit dilindəki versiya:

 חִכּוֹ מַמְתַקִּים וְכֻלּוֹ מַחֲמַדִּים זֶה דוֹדִי וְזֶה רֵעִי בְּנוֹת יְרוּשָׁלִָם

 Ḥikko mamtaqqim və-kullo maḥamaddim, ze dodi və-ze re‘i, bənot Yəruşalayim.

        Göründüyü kimi Tövrata daxil edilən Tanaxda keçən bu hissədə orijinal ivrit dilində "Mahammad" sözü keçir. Lakin bu tərcümələrdə tamamilə arzuolunan, tamamilə sevilən kimi verilmişdir. Bəli, iddia oluna bilər ki, bu hissə qadının sevgisinin təsviridir və peyğəmbərlik kontekstə uyğun gəlmir. Lakin əslində hərfi anlayışda belə olsa da yəhudi ənənəsində alleqorik bir baxışda Tanrı ilə İsrail xalqı arasındakı münasibətin təsviridir. Yəni burada ilahi sevgi və ya münasibətdən də bəhs edilir.

        Yuxarıda mümkün qədər qısa şəkildə İncil və Tövratdan misallar verməklə son peyğəmbərin müjdəsini və bu peyğəmbərin səhabələrinin gözəl təsviri ilə bağlı ifadələri qeyd etdim. Yəni ilk iki məsələnin isbatını qeyd etmiş oldum. İndi isə sonuncu məsələni ifadə etmək zərurəti yaranır. Muhamməddən sonra artıq peyğəmbərlik müjdələnmir. Bunu biz qədim dini kitabları Quranla müqayisə etdikdə açıq şəkildə görürük. Belə ki, əgər İncildə misallar ilə yarım qalmış bir missiyadan və sonrakı gələcək olanın müjdəsindən bəhs olunursa Quranda biz daha çox qiyamət günüaxirət həyatı haqqında ayələrlə rastlaşırıq. Eyni zamanda Muhammədin (s.a.v) peyğəmbərliyinin sonuncu olması barəsində açıq ayə də mövcuddur.

"Muhamməd aranızdakı kişilərin heç birinin atası deyildir. Lakin o, Allahın elçisi peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir. Əhzab surəsi 40-cı ayə.



Hiç yorum yok:

Yorum Gönder